Tovuz rayonunun Dondar Quşçu kəndində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən fərdi sahibkar Qasımov Aydın Məhəmmədəli oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinəsinin aparılmadığı, tutumların üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlanılmasının keçirilmədiyi, həmçinin məntəqənin maye və təbii qaz obyektlərinin istismarı fəaliyyəti növünə xüsusi icazə alınmadan istismar olunduğu müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bizim.Media