Dövlət İmtahan Mərkəzi tərəfindən 2025/2026-cı tədris ili üçün təqdim olunan yeni ixtisaslar siyahısı ölkənin ali təhsil sistemində mühüm yenilik hesab olunur. Bu ixtisaslar həm texnologiya, təhlükəsizlik və sağlamlıq sahələrini, həm də aqrar və inklüziv təhsillə bağlı istiqamətləri əhatə edir. Məqsəd əmək bazarının dəyişən tələblərinə uyğun mütəxəssislər hazırlamaq və bu sahələrdə olan kadr çatışmazlığını aradan qaldırmaqdır.
Mövzu ilə bağlı Busaat.az-a danışan təhsil eksperti Kamran Əsədov əlavə olunan yeni ixtisasların əhəmiyyətindən, onların hansı universitetlərdə tədris olunacağından və məzunlar üçün perspektivləri barədə danışıb.
Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi yeni ixtisaslar siyahısı Azərbaycan ali təhsil sisteminin dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində atılmış mühüm addımdır. Siyahı texnologiya, təhlükəsizlik, sağlamlıq və inklüziv təhsili əhatə etməklə, həm əmək bazarının çağırışlarına, həm də sosial ehtiyaclara cavab verir.
Ekspertin fikrincə, STEM və aqrar sahələrin inkişafına yönəlmiş “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası” və “Proqram təminatı mühəndisliyi” kimi ixtisaslar müəllim çatışmazlığını aradan qaldırmaqla yanaşı, süni intellekt və proqramlaşdırma sahəsində yerli mütəxəssis hazırlığına xidmət edir. Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bu sahələrə yüksək tələbat mövcuddur.
Kamran Əsədov qeyd edib ki, “Kənd təsərrüfatı texnologiyaları”, “Qida texnologiyaları” və “Heyvandarlıq” kimi ixtisaslar isə ərzaq təhlükəsizliyi və kənd yerlərində məşğulluğun artırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu, həm də daxili miqrasiyanın qarşısının alınmasına töhfə verə bilər.
III ixtisas qrupuna əlavə olunan “Xüsusi pedaqogika” ixtisası inklüziv təhsilin inkişafı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil imkanlarının genişləndirilməsi baxımından mühüm sayıla bilər.
“Kommunikasiya və rəqəmsal media” jurnalistika, PR və sosial media sahələrində peşəkar kadr hazırlığına, “Dövlət təhlükəsizliyi və idarəetmə” isə müasir təhlükəsizlik çağırışlarına cavab verəcək mütəxəssislərin formalaşmasına yönəlib.
Bu ixtisasların əmək bazarında tələbatı real və artan dinamikaya malikdir. İKT sahəsində “Data analitikası” və “Proqram təminatı mühəndisliyi” üzrə kadr ehtiyacı həm qlobal, həm də lokal miqyasda sürətlə artır. “Riyaziyyat və fizika müəllimliyi” regionlarda müəllim qıtlığını aradan qaldırmaq məqsədi daşıyır. “Xüsusi pedaqogika”, “Qidalanma və diyetologiya” və “Aqrar ixtisaslar” da müvafiq sahələrdə mövcud kadr çatışmazlığını qarşılamaq üçün nəzərdə tutulub.
Ekspertin sözlərinə görə, bu ixtisaslar Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr səviyyəsində tədris olunacaq. Bu, ali təhsildə yeni bir mərhələnin başlanğıcı deməkdir.
Təhsil prosesində nəzəri biliklərlə yanaşı praktiki bacarıqlara da xüsusi önəm verilməlidir. Laboratoriya imkanları, texnoloji baza və real sektorla əməkdaşlıq edən universitetlərin məzunları əmək bazarında daha rəqabətədavamlı olacaq. Bu səbəbdən ali məktəblər praktiki yönümlü tədrisə üstünlük verməlidirlər.
Qida texnologiyaları sahəsində hazırda geniş yayılmış iş imkanları olmasa da, bu sahənin strateji əhəmiyyəti artmaqdadır. Məzunlar restoran şəbəkələri, turizm sektoru və ərzaq təhlükəsizliyi sahələrində fəaliyyət göstərə bilər. Kənd təsərrüfatı sahəsində isə yaxın illərdə iş imkanlarının genişlənməsi gözlənilir.
“Dövlət təhlükəsizliyi və idarəetmə” ixtisası xüsusi təyinatlı ali məktəblərdə – Dövlət Təhlükəsizliyi Xidməti, Sərhəd Xidməti Akademiyası və Fövqəladə Hallar Akademiyasında tədris olunur. Bu sahədə kadr hazırlığı spesifik və tələbkardır, qəbul prosesi xüsusi seçimlə həyata keçirilir. Gənclər bu ixtisası seçərkən onun real perspektivlərini nəzərə almalıdırlar.
Bəzi ixtisaslar üzrə – xüsusilə informasiya texnologiyaları sahəsində – beynəlxalq təcrübədən faydalanmaq vacibdir. “Data analitikası” və “Proqram təminatı mühəndisliyi” üzrə xarici modellərdən istifadə edilməli, digər sahələr isə daha çox daxili əmək bazarının ehtiyaclarına uyğun inkişaf etdirilməlidir.
Sonda qeyd etmək istərdim ki, bu ixtisaslar üzrə kadr hazırlığı yalnız ad və rəsmi proqramlarla məhdudlaşmamalı, real bilik və bacarıqların formalaşması təmin edilməlidir. Əks halda, bu sahələrdə gözlənilən nəticə əldə olunmayacaq və ixtisaslar yalnız kağız üzərində qalacaq.
Nərmin Səmidova
Busaat.az