EN

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Telman Orucov yazır

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Aleksandr atasının sərkərdə sirdaşı kimi silahdaşı olmuş Parmenion vətənə qayıdarkən, onun öldürülməsi barədə göstəriş verdi. Sonra o, Parpenionun oğlu Filotu da öldürtdürdü. Son vaxtlar Aleksandr özünə qarşı sui-qəsd təşkil ediləcəyindən qorxub, bunda yaxın adamlarından şübhələnirdi və onları aradan götürürdü.

Sonra Baktriyadan keçib Hindistanın şimalına, indiki Pakistan ərazisinə girib, oradakı hind dövlətlərindən biri olan çar Porun səltənətini işğal etdi.

Cənuba tərəf irəlilədikdə, gözləmədiyi bir hadisə baş verdi, ordu qiyam qaldırıb, yürüşü davam etdirməkdən imtina etdi. Bu, Aleksandr üçün ağır zərbə idi, o, təkcə Hindistanı deyil, o vaxtlar məlum olan bütün dünyanı tutmaq, yəqin ki, Yaponiyaya çatmaq istəyirdi. Ordunun etirazı onun planlarını alt-üst edirdi. Aleksandr həm də böyük ağıl sahibi, məharətli siyasətçi idi. Ordunun müqavimətini qırmaq tədbirləri ona baha başa gələ bilərdi. Ona görə də döyüşçülərinin qərarı ilə razılaşmaq yolunu tutdu. Ordunu iki hissəyə ayırıb, biri cənubda okeanda üzməklə admiral Nearxın başçılığı altında İran körfəzinə gedib çıxmalı idi. Digər dəstə isə, özünün başçılığı altında Gerdosiya səhrasından keçməklə Babilə çatmalı idi. Geri dönmək səfəri olduqca əzablı idi və ordu bu vaxt xeyli itki verməli oldu.

Nəhayət, b.e.ə. 324-cü ildə Aleksandrın ordusunun hər iki dəstəsi Babilə gəlib çatdı.

Böyük Aleksandr təkcə hərb dahisi deyildi, həm də uzaqgörən strateji düşüncəyə malik idi. O, Qərblə Şərqi öz imperiyasında birləşdirməyə çalışırdı. Bu məqsədlə işğal olunmuş ərazilərin əhalisinin qaydalarını öyrənib, onlardan istifadə edirdi. Pers paltarı geyinir, Persiya çar sarayının qaydasında özünə təzim edilməsini tətbiq edirdi. Misirdə paytaxt Memfisdən 600 km. aralı olan Amman məbədinə səhra ilə gedib, orda olan allah Pa-nın oğlu olması barədəki kahinlərin qərarını və faraon titulunu qəbul etmişdi.

Aleksandr qeyri-adi sərkərdəlik istedadına şəxsi igidliyini də əlavə edirdi. Daim irəli atılmaqla döyüşçülərinə nümunə göstərirdi. Güclü strateq olduğu kimi, həm də məharətli taktik idi. İgidliyinin "mükafatı" kimi çoxlu yaralar alırdı.

 Həm də o, əsl qurucu şöhrətinə yiyələnmişdi, şəhərsalma təcrübəsində yüksək biliklərə malik olmasını göstərirdi. Onun Nilin və Aralıq dənizinin sahilində saldığı Aleksandriya şəhəri öz şərəfinə belə adı daşımaqla yanaşı, yerinin seçilməsi və şəhərin planlaşdırılması məhz yüksək arxitektorluq istedadından xəbər verirdi. Aleksandr sayı az qala yüzə çatan Aleksandriya adlanan şəhərlər salmışdı. O, bəzi yeni şəhərlərinə özünün döyüş atı olan Butsefalın da adını qoyurdu.

Döyüşdə düşmən kimi vuruşmuş xalqları birləşdirmək, keçmişi yaddan çıxarmaq üçün o, müxtəlif tədbirlər həyata keçirirdi. Babilə qayıtdıqdan sonra 10 min nəfər döyüşçüsünün yerli qızlarla nikahını təşkil etdi, mərasim beş gün davam etdi. Özü də bu nikah ənənəsindən kənarda qalmamaq üçün çar III Daranın əsir götürdüyü böyük qızı  Statira ilə evləndi, mərhum çarın kiçik qızını isə dostu Hefestiona ərə verdi. Bundan əvvəl isə o, Baktriya əyanının qızı Roksana ilə evlənmişdi.

Aleksandr xəstə olmasına baxmayaraq, Afrikanın şimalına yeni yürüş planlaşdırırdı ki, işğallarını yekunlaşdırdıqdan sonra, Aralıq dənizi ilə Yunanıstana qayıtsın. Lakin malyariya, döyüşlərdə aldığı yaralar və spirtli içkiyə meyillilik onu taqətdən salmışdı və ümumiyyətlə o, öz səhhəti qayğısına qalmırdı. Aleksandr qısa sürən xəstəlikdən sonra 323-cü ildə, 32 yaşında Babildə vəfat etdi.

Aleksandrın ölümündən sonra onun üç qitənin ərazisini əhatə edən böyük imperiyası, öz sərkərdələri tərəfindən, onlar artıq varis kimi diadox adlanırdı, ayrı-ayrı hissələrə parçalandı. Onun generalı Ptolomeyə Misir düşdü, Kassandr isə Makedoniyanın hökmdarlığı ilə razılaşdı. Aleksandrın imperiyasının dağılmasından 2300 il sonra Avroasiyada baş verən SSRİ-nin məhvini və parçalanmasını xatırladırdı.

Makedoniya çarı Kassandr öz hakimiyyətini qoruyub saxlamaq üçün Roksananı və onun Aleksandrdan doğduğu oğlunu öldürtdü. O, həm də Aleksandrın anası Olimpiadanın məkrindən qorxduğuna görə, onun da öldürülməsi göstərişini verdi.

Beləliklə, II Filipp və Makedoniyalı Aleksandr sülaləsi qısa ömür yaşadı, atadan başlamaqla, oğulda başa çatdı. Həm ata, həm də oğul döyüşlərdə az qan axıtmamışdılar, təkcə yunan şəhər-dövlətlərinin sakinlərinin, ata və oğulun işğalları vaxtı axıtdığı qan onlara lənət yağdırılmamış qalmamışdı. Çar II Filipp Yunanıstanda hegemonluğa nail olmaq üçün hər cür tədbirə əl atırdı, yunanları Makedoniya tabeliyinə salmaq üçün qanlı döyüşlər aparırdı. Qisas alınmasını çox gözləmək lazım gəlmədi və qatilin zərbəsi ilə o, b.e.ə. 336-cı ildə həyatdan getdi.

Makedoniyalı Aleksandr hərb tarixində özünə bərabər olan ikinci bir şəxsi tanımır. O, düşməndən xeyli az qüvvə ilə, onun üzərində qələbə çalmağı bacarırdı. O, hərb elminin və praktikasının dahisi idi. O, ordusunu ərzaqla, atlarını yemlə təmin etmək üçün logistikaya xüsusi əhəmiyyət verib, öz yürüşdə irəliləmək yollarını ustalıqla seçirdi. Orta Asiyaya girməmişdən əvvəl Xəzər dənizinin cənubu ilə irəliləməklə, o, ordusunun ərzaqa olan və süvari dəstəsindəki atların yem tələbatını lazımınca ödəməyi bacarmışdı. Aleksandr döyüş yerini seçməkdə də xüsusi məharət göstərir, heç vaxt səhvə yol vermirdi. Lakin o, şəxsi qüsurlardan da xali deyildi. Dostlarından, ətrafındakılardan şübhələnmək onun həyatına zəhər qatırdı. Şübhələndiyi adamları, gümanına hansısa bir əsasın olub-olmadığını nəzərə almadan, aradan götürməyə cəhd edirdi. Onun hiddətlənməsi bəzən qan axıtmaqla nəticələnirdi. Dostu Klitin, atasının etibarlı silahdaşı və özünün qabiliyyətli sərkərdəsi Parmenionun və onun oğlunun öldürülməsi, Aleksandrın haqsızlığından, bəzən qəddarlığa qurşanmasından xəbər verirdi. Onların ruhu yəqin ki, Aleksandrı lənətlənməmiş ötüşməmişdi. Ona görə də özünün olduqca vaxtsız ölümündən sonra, nəsli də birdəfəlik kəsildi. Makedoniya çarı Kassandr onun qəddarlığına özünün  nankor və daha iyrənc qəddarlığı ilə cavab verdi.

Lakin tarix, görünməmiş qələbələrinə görə Böyük Aleksandrı yaşadır və bəşəriyyət gələcəkdə də heç vaxt bu hərb dahisini yaddan çıxarmayacaqdır. Onun Qərblə Şərqi birləşdirmək istəyi baş tutmasa da, yəqin ki, müharibələr erasına nəhayət son qoyulanda, dünyanı bölən bu iki hissə birləşib, bəşəriyyətin sarsılmaz bütövlüyünü meydana gətirəcəkdir. Bəlkə də, bu, həyata keçməsi çətin olan bir arzudur, lakin qədim tarixdə bu, məhz Aleksandr tərəfindən həmin ideya irəli sürülmüşdüsə və ya ona cəhd edilmişdisə, gələcək dünyada da bir nəfər deyil, çoxları bu ideyanı bərpa edib, onun reallaşmasına çalışacaqdır. Aleksandrın nəcib ideyası yenidən yada düşsə, Feniks quşunun məhv olduqdan sonra, küldən dirilməsi, boy atmasını xatırlamaq lazım gəlir. Makedoniyalı Aleksandrın ümumbəşəri xeyirxah istəyi də, Feniks fenomenini kimi yenidən dünyada yada salınmaqla, özünün heç şübhəsiz, böyük və insanlığa fayda verən dəyər olduğunu sübut edəcəkdir.

Qay Yuli Sezarın macəraları

Qədim Roma tarixini bəzəyən Qay Yuli Sezar olduqca maraqlı və təzadlı bir həyat yaşamışdır. O, çox gənc ikən öz qorxmazlığını nümayiş etdirmiş, sərkərdə Marinin arvadı olan xalasının dəfnində, Marinin düşməni, diktator Sulladan çəkinməyərək nümayişkaranə surətdə iştirak etmişdi. Optimatların güclü olduğu Romada o, populyarlara qoşulmuşdu. B.e.ə. 60-cı ildə Pompeylə və Krassla birgə birinci Triumviratı yaratmışdır. Həmin vaxt onlar Sezardan güclü idilər, Qney Pompey məşhur sərkərdə şöhrəti qazanmışdı, Krass isə Romanın ən varlı adamı idi.

Sezar Qalliyaya prokonsul təyin ediləndə, burada qanlı müharibələr aparmış, şəhərləri xaraba qoymuş,  tarixçi Plutarxın yazdığına görə, bir milyon adamın ölümünə səbəb olmuş və elə həmin sayda da əsir götürmüşdü. Aleziya döyüşündəki qələbə onun şöhrətini daha da böyütmüşdü. Həmin döyüşdə qall sərkərdəsi Torsinqotoriki əsir götürmüşdü.

Qalliyada olarkən b.e.ə. 55-ci ildə ilk dəfə Britaniya adasına ayaq basmışdı. İngiltərənin "Albion" adı da La-Manşdan baxdıqda ada dumana bürünməklə süd rəngində göründüyündən, "ağ" mənasını verən bu sözdə ifadə olunmuşdu.

B.e.ə. 49-cu ilin yanvarında o, mövcud qanunu pozaraq, Rubinon çayını keçməklə ordusu ilə birlikdə Roma ərazisinə daxil olmuşdu. O, bu hərəkətinin vətəndaş müharibəsinə səbəb olacağını bildiyindən, məşhur "Alea jakta" - "Püşk atılmışdır" sözlərini söyləmişdi. Bu o demək idi ki, artıq geriyə yol yoxdur, taledən qaçmaq heç də mümkün deyildir.

Pompey bu xəbəri eşidəndə, onun ordusu İspaniyada idi və özünün gücsüzlüyünə əmin olduğuna görə, Yunanıstana qaçdı və Sezar heç bir müqavimətlə rastlaşmadan Romaya girdi. O, boş qalmış hakimiyyəti öz üzərinə götürdü, Senat da Pompeylə birlikdə Romanı tərk etmişdi.

Sezar Pompeyi məhv etmək üçün Yunanıstana gedib, b.e.ə 48-ci ildə Farsal döyüşündə onu məğlub etdi və Misirə qaçan Pompey  Aleksandriya yaxınlığında qətlə yetirilmişdi.

Sezar Alekskandriyaya gələndə, burada müqavimətlə qarşılandı. Lakin şəhərdə yanğın törətməklə, döyüşdə qalib gəldi. Qardaşı XIII Ptolomey tərəfindən hakimiyyətdən qovulmuş Kleopatranı Sezar çariçalığa bərpa etdi və onun məşuquna çevrildi. Onların yaxınlığından Sezarın Sezarion adlandırılan oğlu dünyaya gəldi.

Lakin Sezar əldə etdikləri, ömürlük diktator təyin edilməsi ilə də razılaşmayıb, çar olmaq istədi. Çar ölkəni Senata ehtiyac olmadan təkbaşına idarə edəcək, ona heç bir müxalifət mövcud olmayacaqdı. Bu respublika quruluşunun məhv olması demək idi.

Respublika tərəfdarları Sezarın bu niyyətinin baş tutmaması üçün ona sui-qəsd təşkil etdilər. Sezar isə hətta falçının onu xəbərdar etməsinə də əhəmiyyət verməyib, Senata yollandı və Pompey kuriyasına girən kimi sui-qəsdçilər onu əhatə etdi və Kassa onun boynuna ilk zərbəni vurdu. Sui-qəsdçilərdən heç kəs kənarda qala bilməzdi, ona 23 xəncər yarası vuruldu, axırıncı zərbəni onun qasığına oğlu kimi sevdiyi Mark Yuli Brut vurdu və Sezar onun zərbəsinə inanmaq istəməyərək "Et tu, Brut" - "Səndəmi, Brut" nidasını qışqırmışdı. Bu hadisə b.e.ə. 44-cü ilin 15 martında, romalıların adlandırdığı günündə baş vermişdi.

Sezarın ölümündən sonra sui-qəsdçilər Yunanıstana qaçdılar. Sezar tərəfdarları döyüşdə onları məğlub edəndə, çoxu öldürüldü. Qısa müddətdən sonra Sezarın qatillərindən heç biri sağ qalmadı.

Oktaviandan, Lepiddən və Antonidən ibarət ikinci Triumvirat yarandı və Romanı artıq onlar idarə edirdilər. Bölgü əsasında Qərbin idarəçiliyi Oktaviana, Şərqinki isə Mark Antoniyə keçdi. Mark Antoni Misir çariçası Kleopatraya vuruldu, arvadı öldüyündən Romaya qayıdıb, Oktavianın bacısı Oktavia ilə evləndi. Lakin sonra onu boşadı, yenə də Kleopatranın yanına döndü. Oktavian bunu şəxsi təhqir kimi qarşıladı. Həm də Romaya məxsus olan Şərq torpaqlarını Antoni Kleopatraya bağışlayırdı. Onların həm də ekiz övladları - oğlu və qızı olmuşdu. Oktavianla Antoni arasındakı təbliğat müharibəsi isə səngimək bilmirdi.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
icma.az

1Sources