ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığını çox yaxşı və məhsuldar adlandırıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“İndicə Türkiyə Prezidenti Ərdoğanla bir çox mövzuda, o cümlədən Rusiya və Ukrayna arasındakı müharibə, Suriya, Qəzza ilə bağlı hər şey haqqında, eləcə də bir çox digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp bildirib.
Amerika lideri Ərdoğandan Türkiyəyə səfər dəvəti aldığını da təsdiqləyib. “Eynilə o da Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”, - Tramp yazıb.
“Rusiya və Ukrayna arasındakı mənasız, lakin ölümcül müharibəyə son qoymaq üzrə Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm – elə İNDİ!”, - o əlavə edib.