Hər bir iş prosesində hesabat dövrü olur, müsbət və mənfi məqamlar müəyyənləşdirilir, səhvlər müzakirəyə çıxarılır, uğurlar alqışlanır və gələcək üçün tədbirlər planı hazırlanır. Təbii ki, bu cür hesabat "Neftçi"nin rəhbərliyi və məşqçilər korpusunu da gözləyir. Ancaq kim kimin qarşısında hesabat verəcək? Subordinasyanı qorusaq, məşqçilər korpusu rəhbərliyin, rəhbərlik isə Müşahidə Şurasının qarşısında hesabat verməlidir. 

Ancaq istənilən halda, "Neftçi" üçün mövsümü bir sözlə ifadə etmək olar - fiasko. "Ağ-qaralar" tarixinin ən cılız, ən rəzil günlərini yaşayırlar. Sanki hər 9-10 ildən bir komanda bataqlığa düşür, azarkeşlərini küsdürür, futbol ictimaiyyətini qıcıqlandırır, mətbuatın qınaq obyektinə çevrilir. Məsələn, 2008-2009-cu illərdəki uğursuzluqları, Yurgen Gede biabırçılığını orta nəslin nümayəndələri yaxşı xatırlayarlar. 2017-ci ildə isə "Neftçi" Azərbaycanda 8 komanda arasında 7-ci yeri tutmuşdu...

İndi yaşananlar heç də əvvəlkilərdən fərqlənmir. "Kəpəz" kimi klubun əlində əsir-yesir qalan, 90+6-cı dəqiqədə məğlubiyyətdən yaxa qurtaran, çempionatı 6 və ya 7-ci yerdə başa vurmaq rüsvayçılıq deyilsə, bəs nədir?

Deməli, hansısa qərarlar düz verilməyib, hansısa addımlar düzgün atılmayıb. Uğursuzluq dəyişikliyi labüd edir. Məsuliyyəti birmənalı olaraq "Neftçi" rəhbərliyi daşıyır. Komandaya lazımsız legionerləri gətirib dolduran da rəhbərlikdir, Roman Qriqorçuk kimi "tükənmiş məşqçi"yə qucaq açıb çempionatın bir dövrəsini boşa verən də...

Bəs kim vəzifəsindən getməlidir? Neftçi"nin oyunlarını analiz edib səhvləri göstərməkdən bezmişik. Baş məşqçi Samir Abasovun isə bütün bunlara bir cavabı var: "Heyəti dəyişməliyik". Ancaq Abasovdan soruşmaq lazımdır ki, sizə "Neftçi"də heyəti dəyişməyə imkan verən varmı? Siz hansı rəhbərliklə işlədiyinizin fərqindəsinizmi? Bir mövsümdə 20 milyon dollardan artıq məbləği havaya sovuran, çempionatda və kubokda əliboş qalan klubun rəhbərliyi Samir Abasov kimi məşqçiyə işləməyə, çərçivədən kənara çıxmağa şərait yaradacaqmı?

Samir Abasov Azərbaycan səviyyəsində 5-10 ən güclü mütəxəssisdən biri sayılır. Düzdür, öz üzərində hələ çox işləməlidir. Mətbuat konfranslarında ifadələrinə diqqət yetirməli, texniki zonadakı sakitliyi təmin etməli, peşəkarlığa yaraşmayan addımlardan uzaq durmalıdır. Onsuz da cari mövsüm heç kim "Neftçi"nin uğursuzluğuna görə Abasovu günahlandırmır. Çoxlarına məlumdur ki, bu çalışdırıcıya işləmək imkanı veriləndə, nəticəni çox gözləmək lazım gəlmir.

Samir Abasov üçün əsl çempionat indi - yay transfer mövsümü ərəfəsində başlanır. Əgər o, öz istədiyi futbolçulardan heyət qura bilsə, səmərəli təlim-məşq toplanışı keçməyi bacarsa, yeni çempionata hesabda 1:0 öndə start verəcək. Əks təqdirdə, "Neftçi" rəsmiləri şəxsi maraqlarını təmin etmək üçün yenə baş məşqçinin başı üzərindən komandaya ustalıq səviyyəsi aşağı olan legionerləri gətirəcəklər. Belə olan halda, Abasov olan-qalan imicini itirməyə, çempionatın gedişatında rüsvayçı istefaya hazır olmalıdır.

"Abasov yaxşıdır, ətrafı pis" - bu klassik yanaşmadan uzağam. Sadəcə, baş məşqçi heyətlə bağlı iradəsini göstərib klub rəhbərliyi ilə mübarizə aparmalıdır. Əgər o, bu mübarizəyə hazır deyilsə, indidən vəzifəsindən uzaqlaşmalıdır.

"Biz həm canavarların doymasını, həm də qoyunların sağ qalmasını istəyirik". Lev Tolstoyun bu deyimi "Neftçi"nin indiki durumuna tam uyğundur. Klub rəhbərliyinin toxtayıb dayanacağını, Samir Abasovun isə fikrini cəmləyib işi ilə məşğul olacağını təsəvvür etmək sürrealizm janrında yazılan bədii əsərə oxşayır...