EN

Avropa Komissiyası 2028-ci ilədək Rusiya qazının tədarükünü qadağan edə bilər

Bakı, 5 may, AZƏRTAC

Avropa Komissiyası mayın 6-da 2027-ci ilin sonunadək Rusiya qazının Avropa İttifaqına nəqlinə qadağa qoyulması təklifini irəli sürməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası Rusiyadan həm boru kəməri vasitəsilə idxal olunan təbii qazın, həm də uzunmüddətli müqavilələr əsasında tədarük edilən maye qazın idxalını qadağan etmək niyyətindədir. İyun ayında daha ətraflı təqdim olunacaq qanun layihəsinin 2027-ci ilin sonunadək qüvvəyə minəcəyi gözlənilir.

Avropa İttifaqının Rusiya qazından imtina vaxtı Brüsselin ABŞ, Qətər, Kanada və Afrika ölkələrindən qaz nəqli üçün alternativ mənbələri təmin etmək imkanından asılı olacaq.

Agentlik ötən həftə Brüssellə Vaşinqton arasında baş tutmuş ticarət danışıqlarının bir hissəsi olaraq, Birləşmiş Ştatlardan Avropa İttifaqına qaz nəqlinin müzakirə olunduğunu bildirib.

Chosen
0
1
azertag.az

2Sources