EN

Bu dərmanlar pulsuz olacaq - hazırlıq gedir...


Hazırda Xidmətlər Zərfi çərçivəsində ambulator dərman təminatının sığorta hesabına aparılması üçün işlər aparılır. Trend xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.

O qeyd edib ki, əczaçılıq sənayesi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında əsas strateji tərəfdaşdır.

"İcbari tibbi sığortanın əsas məqsədi də əhalinin sağlamlığının müdafiəsi, keyfiyyətli tibbi xidmətlərə bərabər və davamlı çıxışını təmin etməkir. Tibbi xidmətin keyfiyyətindən danışırıqsa, burada təkcə həkimin, tibb işçisinin deyil, dərmanın mövcudluğu, əlçatanlığı və effektivliyi də əsas rol oynayır.

Bilirsiniz ki, icbari tibbi sığortanın tətbiqindən sonra ölkənin bütün bölgələrində əhaliyə tibbi xidmətlərin əlçatanlığı artıb, vətəndaşların həkim seçimi imkanı genişlənib, profilaktik müayinələr və erkən diaqnostika göstəriciləri yüksəlib. Dərman təminatı bu böyük sistemin bir hissəsidir və hazırkı mərhələdə bu istiqamətdə ardıcıl şəkildə irəliləyirik. Bu sahədə ilk gündən əsas prioritetlərimizdən biri xüsusilə xroniki və geniş yayılmış xəstəliklər üçün dərmanların davamlı təminatı, xəstənin müalicə prosesinin yarımçıq qalmamasıdır".

Onun sözlərinə görə, hazırda Xidmətlər Zərfi çərçivəsində bir sıra tibbi xidmətlərlə yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım zamanı, stasionar müalicə prosesində, eləcə də ambulator şəraitdə aparılan tibbi prosedurlar zamanı istifadə olunan dərman vasitələri, anesteziya xidməti və tibbi sərf materialları icbari tibbi sığorta hesabına qarşılanır:

"Eyni zamanda, resept əsasında təyin olunan ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təminatıistiqamətində işlər aparılır. Bununla bağlı mərhələli yanaşma tətbiq ediləcək: ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri, növbəti mərhələdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin resept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulur. Paralel olaraq, dərman vasitələrinin siyahısını müəyyənləşdirən “pozitiv siyahı” hazırlanır. Bu siyahıya daxil olan dərmanlar üzrə apteklərlə müqavilələrin bağlanılması istiqamətində işlər aparılacaq. Bu addım vətəndaşların müalicə prosesində maliyyə yükünü azaltmaqla yanaşı, onların tibbi xidmətlərdən fasiləsiz və davamlı yararlanmasını da təmin etməyi hədəfləyir".

"Sonda demək istərdim ki, əczaçılıq sənayesinin inkişafı bizim üçün təkcə texniki və ya logistik məsələ deyil, bu birbaşa cəmiyyətin sağlam gələcəyinin təminatıdır.Vətəndaşa xidmət edən hər bir sahədə birlik, əməkdaşlıq və qarşılıqlı anlayış çox vacibdir.

Əminəm ki, bu tədbir əczaçılıq sənayesi sahəsində dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarını genişləndirəcək və gələcək birgə təşəbbüslərə yol açacaq. Biz də öz növbəmizdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq hər zaman əməkdaşlığavə birgə təşəbbüslərə açığıq"- deyə Zaur Əliyev əlavə edib.

Chosen
0
baki-xeber.com

1Sources