Region Liqasının builki finalı Lənkəranda təşkil olunmayacaq.
Redaksiyamız bu informasiyanı AFFA-dan əldə edib.
Federasiyadan saytımıza daxil olan məlumata görə, «Xəzər Lənkəran» stadionunda çatışmazlıqlar çoxdur, onların qısa müddətdə aradan qaldırılması isə qeyri-mümkündür.
Belə ki, uzun illərdir baxımsız vəziyyətdə qalan arenanın qazonu korlanıb, oturacaqların bir çoxu qırılıb, paltardəyişmə otaqları pis haldadır. Üstəlik, oyunun televiziya ilə canlı yayımını təşkil etməkdə problemlər mövcuddur.
Liqanın həlledici görüşü bu ayın sonunadək keçiriləcək. Hələlik final günü tam dəqiqləşməyib.
AFFA məkan olaraq 3 variant arasında götür-qoy edir. Bunlar, Qəbələ, Ağsu və Şamaxı stadionlarıdır.
SPORTİNFO.AZ