EN

Lionel Messi və Luis Sueres “İnter”ə qələbə qazandırdılar

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in növbəti turu çərçivəsində “Nyu-York Red Bullz” ilə qarşılaşıb.

“Vağlar” doğma meydanda 4:1 hesablı qələbəyə seviniblər. Daha əvvəl CONCACAF Çempionlar Kubokunda uğursuz nəticəyə görə azarkeşlərdən sərt tənqid “yemiş” argentinalı ulduz hücumçu, “vağlar”ın kapitanı Lionel Messi və uruqvaylı hücumçu Luis Suares bu dəfə əl-qol çırmayaraq, işə girişiblər. Suares qol və məhsuldar ötürmə ilə fərqlənib, “Leo” isə bir qol vurub.

“İnter Mayami” 10 oyundan 21 xalla MLS-in ümumi yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Nyu-York Red Bullz” isə 11 oyundan 15 xalla 17-ci pillədədir.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 14 oyuna 9 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 53 oyun, 43 qol və 21 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Chosen
0
9
arena.az

10Sources