EN

DİQQƏT: Bu şəxsləri 6 min manatadək cərimə gözləyir

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçılar aldıqları məhsulların və onlara göstərilən xidmətlərin mənşəyi, keyfiyyəti və uyğunluq sertifikatları barədə məlumat tələb etmək hüququna malikdirlər. Eyni zamanda, istehlakçılar məhsul və xidmətlərin mənsubiyyəti barədə satıcı və ya xidmət göstərən hüquqi və fiziki şəxslərdən ətraflı məlumat almaq hüququna sahibdirlər. Qanunvericiliyə əsasən, bu şəxslər də belə məlumatları təqdim etməyə borcludurlar”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında vəkil Ramil Süleymanov səsləndirib:

“Əgər istehlakçı restoranda təqdim olunan məhsulun hazırlanma prosesini şəxsən izləmək və ya proses başa çatdıqdan sonra mətbəxlə tanış olmaq istəyirsə, bu zaman ona müvafiq şərait yaradılmalıdır. Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun birbaşa tələbidir.

Bəzi restoranlarda mətbəxlərin üzərində “Kənar şəxslərin girişi qadağandır” kimi qeydlərə rast gəlinir. Əgər bu qadağa müştərilərə şamil olunursa, bu hal qanunla ziddiyyət təşkil edir. Hər bir müştərinin göstərilən xidmətin keyfiyyətini yoxlamaq məqsədilə həmin sahə ilə tanış olmaq hüququ var”.

Vəkil qeyd edir ki, əgər vətəndaşlar bu hüquqlarının pozulduğunu hesab edirlərsə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə onlayn formada və ya qaynar xətt vasitəsilə müraciət edə bilərlər. Bu qurumdan pozuntunun aradan qaldırılmasını tələb etmək hüququna malikdirlər.

Qanun pozuntusu dövlət qurumu tərəfindən rəsmiləşdirildiyi təqdirdə, xidmət obyekti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən cərimələnə bilər. Həmin maddəyə əsasən:

-fiziki şəxslər 300 manatdan 500 manatadək,
-vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək,
-hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilə bilərlər”.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
0
konkret.az

1Sources