EN

Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...


Əliməmnəd Nuriyev: "Real olaraq müsavirlik institutu təcrübəsinin ötrülməsi mexanizmi olmalıdır"

Son zamanlar nazirlərə və agentlik sədrlərinə müşavir postlarının təsis edilməsi geniş yayılıb. Özü də bir tərəfdən artırırlar. Elə nazir var ki, səkkiz müşaviri var. Müavinlik institutunu anlamaq olar, bəs müşavir postları nəyə görə yaradılır, bunların funkisiyası nədən ibarətdir.

Nazirliyin və ya agentliyin aparatında bütün şöbələr varsa, orada müşaviri saxlamağın nə mənası var? Aparat varsa, müşavir nə iş görür, və yaxud əksinə? Dövlət qulluğunda yüksək vəzifələrdən vurulanları son vaxtlar başlayıblar nazirlərə müşavir təyin etməyə. İllərlə nazir işləyən vəzifəli şəxsi pensiyaya çıxandan sonra kiməsə müşavir göndərirlər. Kifayət qədər vəzifə tutmaq istəyən enerjili gənclərimiz var, vəzifə gözləyirlər. Əgər işləmək lazımdırsa onları təyin edə bilərlər.

Niyə pensiyaçılara belə görəv verilməlidir. Sadəcə bu şəxslərə kabinet verirlər, pul verirlər, xidməti maşın vərirlər, o, da heç bir iş görmür, havayı maaş alır. Bu israfçılıq deyilmi? Bəlkə bunun bir faydası var?

Baki-xeber.com saytının sualını cavablandıran "Konstitusiya" Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, doğrudan da son dövrlər müşavirlərin sayı nazirlərin sayından dəfələrlə çox artıb, bu da cəmiyyətdə suallar doğurur: "Mən onun tərəfdarıyam ki, dövlət idarəçiliyində varislik qırılmasın. Daha təcrübəli, başqa yüksək vəzifədə uzun müddət çalışmış insanlar bilik və bacarığını digərlərinə ötürməklə bir körpü rolunu oynasınlar. Bu baxımdan müşavirlər institutu uğurlu bir təsisatdır.

Amma bu vəzifələrə əlbəttə, daha təcrübəli, bacarıqlı, qabiliyyətli, fəliyyəti dövründə özünü sübut etmiş kadrlar olmalıdır. Bu həm də onların potensiallarından istifadə etmək üçün imkanlar yaradır. Müşavir institutu nazirə və digər rəhbər kadrlara strateji sahələrdə məsləhətçi funksiyası daşıyır. Lakin əksər hallarda müşavir postları sadəcə keçmiş vəzifəli şəxslərə, hətta bəzən dövlət qulluğundan uzaqlaşdırılmış kadrlara verilir. Müsbət təcrübəsi olan keçmiş vəzifəli şəxsləri bu posta təyin etməkdə bir məntiq olsa da, dövlət qulluğundan uzaqlaşdırılmış şəxslərin müşavir təyin edilməsi suallar doğurur. Belə hallarda müşavirlik institunu işlək mexanizmə çevirmək əvəzinə, simvolik status, siyasi loyallıq və ya təminat göstəricisi rolunu oynaya bilir.

Nazirlərin aparatında onlarla ixtisaslaşmış sektor olduğu halda paralel olaraq müşavir təyinatları həm strukturda təkrarlanmaya, həm də resurs israfına yol aça bilər. Əgər bu vəzifəli şəxslər faydalı fəaliyyət göstərmirlərsə onlar üçün ayrılan xidməti kabinet, maaş, avtomobil və digər xərclər ictimai rəyə görə haqlı olaraq israfçılıq kimi də qiymətləndirilə bilər. Vətəndaşlar həmişə dövlət idarəçiliyində səmərəllik, şəffafliq və ədalətli kadr siyasəti gözləyirlər. Ona görə də bu sahədə islahatların aparılması, müşavirlik instutunun normativlər əsasında tənzimlənməsi vacibdir.

Eyni zamanda, müşavirlik institutu ilə bağlı mərkəzi icra hakimiyyətlərində və publik hüquqi şəxslərdə bir kvota - son hədd müəyyənləşdirilməlidir. Yəni bu institut güzəstli vəzifələr meydançasına çevrilməməlidir.

Real olaraq müsavirlik təcrübənin ötrülməsi institutu olmalıdir. Bununla yanaşı o, nazir və digər vəzifəli şəxslərə səmərəli dəstək verəm bir təsisata çevrilməlidir. Ümid edirəm ki, gələcəkdə müşavir təyin ediləcək şəxslərdə məhz bu keyfiyyət nəzərə alınacaq. Onların gücü ilə idarəetmənin təkimləşdirilməsinə ciddi təkan vermək olar".

Akif NƏSİRLİ

Chosen
0
baki-xeber.com

1Sources