EN

Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...


2025-ci il mayın 1-nə Azərbaycanda pul bazası ötən aya nisbətən 3.6% və ya 778.8 milyon manat azalaraq 20 milyard 719.3 milyon manata enib. Bu barədə yerli mətbuat Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1% azalıb. Maraqlıdır, pul bazasının azalması ölkə iqtisadiyyatına necə təsir edəcək?

Natiq Cəfərli: “Pul bazasının azalması prosesi uzun müddətli olarsa, bu ölkə iqtisadiyyatına, iqtisadi aktivliyə təsir edəcək”

Iqtisadçı ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda pul bazası dövriyyədə olan pul bazasının həcmini göstərir. Pul bazası tez-tez artıb, azalır: “Pul bazasında kəskin azalma olarsa, bu Azərbaycan iqtisadiyyatına ciddi təsir edər. Hələlik bu azalma keçən aylara nisbətən ciddi bir siqnal sayılmır. Bu səbəbdən də hesan edirəm ki, hazırda pul bazasının artım və azalma tendensiyasını izləmək lazımdır ki, buna uyğun addım atılsın. Pul bazasının azalması uzun müddətli olarsa, bunun ölkə iqtisadiyyatına, iqtisadi aktivliyə təsir edəcək”.

Kamran Məmmədli: “Azərbaycanda pul kütləsinin artırılmasına ehtiyac var”

İqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, pul bazası dövriyyədə olan nağd pul həcmi, bankların Mərkəzi Bankda saxladıqları ehtiyatlardır: “Pul bazasıölkə iqtisadi aktivliyin artması və ya azalmasından xəbər verir. Nəzərə almaq lazımdır ki, pul bazasının iqtisadi inkişafda böyük rolu var. Bu göstərici mühüm tənzimləyici və təsiredici əhəmiyyətə malikdir. Onun həcmi elə müəyyən olunmalıdır ki, nə inflyasiya baş versin, nə də ki, işgüzar fəallıq ləngisin”.

Ekspertin dediyinə görə, pul bazasının azalması Mərkəzi Bankın faizləri artırması ilə əlaqəlidir: “Pul bazasının azalması tempi sürətlə davam edərsə, qarşıdakı aylarda bunun inflyasiyaya müəyyən təsirləri ola bilər.

Ümumiyyətlə, Azərbaycanda pul kütləsinin artırılmasına ehtiyac var. Çünki mütərəqqi iqtisadi sistemlərdə pul kütləsi daha çox qeyri-nağd şəkildə formalaşır: "Danılmaz faktdır ki, ölkəmizdə kommersiya bankları kifayət qədər effektiv şəkildə investisiya resursları yaratmaqda maraqlı deyil. Lazımi səviyyədə investisiyanın yaradılmaması mənfi təsirlərini göstərməkdədir".

Günel CƏLİLOVA

Chosen
0
baki-xeber.com

1Sources