İsrailin baş naziri Benyamin Netanyahu ölkə ordusunun Suriyanın paytaxtı Dəməşqdə Əhməd əş-Şaraanın prezident sarayı yaxınlığındakı hədəfə hücum etdiyini bildirib.
O, bunun Suriyadakı druz icması üçün təhlükənin qarşısını almaq üçün edildiyini bildirib.
Editor.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb: “Bu, Suriya rejiminə açıq siqnaldır. Biz qoşunların Dəməşqin cənubuna göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə icazə verməyəcəyik”, – nəşr baş nazirin sözlərindən sitat gətirir.
Mayın 1-də İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, yeni hökumət Suriyadakı druz icmasına qarşı hücumların qarşısını ala bilməsə, dövlət güclə cavab verəcək. Onun sözlərinə görə, aprelin 30-da Suriyada druzlara qarşı hücumlardan sonra o, baş nazirlə birgə İDF-yə ekstremistlərə qarşı qabaqlayıcı zərbələr endirməyi əmr edib.