EN

Gürcüstan ABŞ-la əlaqələri yenidən qurmağa hazırdır

BAKI, TurkicWorld

Gürcüstan ABŞ ilə münasibətləri bərpa edib dərinləşdirmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, Tbilisi meri və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze Gürcüstanın ABŞ ilə münasibətləri yalnız bərpa etməyə deyil, eyni zamanda daha da dərinləşdirməyə hazır olduğunu bəyan edib.

Kaladze jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan hökuməti ABŞ ilə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində maraqlıdır. “Biz münasibətləri dərinləşdirməyə, yenidən başlamağa və tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırıq. ABŞ-la münasibətlər bizim üçün vacibdir və bu əlaqələr heç kim üçün qəbuledilməz deyil” - deyə o qeyd edib.

Tbilisi meri həmçinin Gürcüstanın suveren dövlət olduğunu vurğulayaraq, heç kimin ölkədən öz maraqları üçün istifadə etməsinə imkan verilməyəcəyini qeyd edib.

“Biz Avropa və ABŞ ilə əməkdaşlıqda maraqlıyıq, lakin hansısa dominant münasibət modelinə razı deyilik. Bu yanaşmanı doğru saymırıq və qəbul etməyəcəyik”

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2024-cü il noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığın dayandırıldığını açıqlayıb. Bu qərar, baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı ilə 2028-ci ilin sonuna qədər üzvlük danışıqlarının gündəmə gətirilməməsi və beynəlxalq qrantlardan imtina olunması barədə bəyanatından sonra verilib. Gürcüstan hökuməti bu addımı Aİ-nin daimi təzyiqləri və daxili siyasətə müdaxilə cəhdləri ilə izah edib. Bu qərar ölkə daxilində geniş etirazlara səbəb olub.

Chosen
0
turkic.world

1Sources