EN

Yamal 18 yaşı olmadan ''Barsa''da 100-cü oyununa çıxdı!

Çempionlar Liqasının ikinci yarımfinal matçı çox maraqlı və məhsuldar alındı.

''Football-plus.az'' xəbər verir ki, ''Barselona'' aşkar favorit sayılmasına baxmayaraq qalib gələ bilmədi (3:3) və finala yüksəlmək şansını çətinə saldı. Amma digər tərəfdən ''Barsa''nın bu görüşdə iki dəfə hesabda geri düşdüyünü nəzərə alsaq, ən azı uduzmamağı komandanın aktivinə yazmaq olar.

Matça damğa vuran isim isə ''Barsa''nın vingeri Lamin Yamal oldu. Düzdü, qonaqların heyətində iki qol vuran cinah müdafiəçisi Denzel Dyumfris matçın ən yaxşı oyunçusu seçildi. Amma 17 yaşlı Yamal 90 dəqiqə ərzində sərgilədiyi inanılmaz futbolla yenidən futbol dünyasını özü haqda danışmağa vadar etdi. Komandasının ilk qolunu vuran, matçboyu öz cinahını su yoluna çevirən Yamalın daha iki zərbəsi zamanı isə italyanları tir xilas etdi. Bir çox sabiq və indiki ulduzlar bu oyunçunun performansına biganə qala bilmədilər. Hətta sabiq fransalı forvard Tyerri Anri ''17 yaşda meydanda bu cür şeylər etmək anormallıqdı'' sözləri ilə təəccübünü gizlədə bilmədi.

Yeri gəlmişkən, ''İnter''lə oyun Yamalın klub karyerasında keçirdiyi 100-cü rəsmi qarşılaşma oldu. Bu göstəriciyə 17 yaş 291 günlüyündə nail olan Yamal təbii ki, klub tarixində 100 oyun həddinə ən gənc yaşda çatan futbolçu oldu. Əvvəlki rekord Qaviyə məxsus idi. Bu futbolçu klubda 100-cü oyununu 19 yaş 29 günlüyündə qeyd etmişdi. Yamal ''İnter''lə oyunda fərqlənməklə ümumilikdə 55-ci məhsuldar hərəkətini reallaşdırdı.

Belə ki, bu 100 oyunda onun aktivində 22 qol, 33 məhsuldar ötürmə var. Bir futbolçunun 18 yaşı tamam olmadan bu cür göstəricilər yaxalaması həqiqətən də inanılmazdı. Müqayisə üçün bildirək ki, tarixin ən güclü oyunçusu kimi qəbul edilən Lionel Messi ''Barselona''da ilk rəsmi oyununa yalnız 17 yaş 114 günlüyündə çıxmışdı. 18 yaşına qədər isə o, cəmi 17 rəsmi oyuna çıxaraq aktivinə 9 qol, 1 məhsuldar ötürmə yaza bilmişdi. Kriştiano Ronaldo isə 18 yaşı tamam olana qədər 19 oyun, 5 qol, 4 məhsuldar ötürmə göstəricilərinə malik idi.

1Sources