"Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır" , - bunu Sonxeber.az -a açıqlama verən deputat Tamam Cəfərova deyib:
"İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir. Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb. Aprel ayının 28-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Bu səfər çərçivəsində iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair vacib sənədlər imzalanmış, tərəflər arasında siyasi dialoqun daha da dərinləşdirilməsi istiqamətində razılıqlar əldə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla birlikdə mətbuata bəyanatında iki ölkə arasında münasibətlər barədə vacib məqamlara toxunub. Ölkə Başçısı mətbuata bəyanatında söylədiyi fikirlərlə İran və Azərbaycan arasında mümkün gərginliyə potensial fürsət kimi baxan qüvvələrə layiqli cavab vermişdir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan hər zaman bu məsələyə həssas və diqqətlə yanaşıb. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi: "Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq". Dövlət başçısının bu sözləri iki ölkə arasında həm coğrafi, həm də mənəvi bağlılığın dərinliyini nümayiş etdirir.
Sevindirici haldır ki, Azərbaycan və İran respublikaları beynəlxalq təşkilatlar şərçivəsində biri-birini ənənəvi olaraq dəstəkləyir. Görüş çərçivəsində bu barədə fikir mübadiləsi aparılıb və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edilib. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində Azərbaycan və İran nümayəndələri daim bir-birinin yanındadır. Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur. Görüşdə eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verilib. Birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi müəyyən edilib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir.
Dövlət başçımız qeyd etdiyi kimi xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir. İran prezidenti M.Pezeşkianının ölkəmizə səfəri onu deməyə əsas verir ki, İran və Azərbaycan arasında tarixin heç bir dövründə olmadığı qədər uzlaşma əldə olunub".
Çiçək Sadatova