EN

"Baş verənlər heç vaxt yadımdan çıxmır" - ADNA terrorunun şahidi

Məlum olduğu kimi bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür. 2009-cu ildə baş verən bu faciə zamanı silahlı şəxs ali təhsil müəssisəsinin binasında atəş açaraq 12 nəfəri qətlə yetirib, 13 nəfəri isə yaralayıb. Hadisəni törədən şəxs sonda intihar edib.

Hadisənin şahidlərindən biri, universitetin Sənaye Maşınları kafedrasının dosenti Zemfira Hüseynli o günü belə xatırlayır:

“Baş verənlər heç vaxt yadımdan çıxmır. Həmin gün hava tutqun idi, 4-cü kurslar imtahan verirdi. Saat 10-a yaxın dəhlizdən sanki dəmirin bir-birinə sürtülməsi kimi səslər eşitdim. Az sonra güllə yarası aldım. Biri qoluma, digəri isə sol qulağımdan girib yanağımdan çıxdı. 2017-ci ildə universitetdə bu faciənin qurbanlarının xatirəsinə həsr olunmuş barelyefin açılışı olub. Bu abidə 30 aprel terror aktının unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Barelyefin önündən keçəndə, istər-istəməz həmin gün yada düşür, kiminsə siması gözümün önündə canlanır. Həyatını itirənlər arasında mənimlə eyni kafedrada çalışan Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Ramiz Abdullayev də var idi. Onun həyat yoldaşı Zərifə Şahməmmədova ilə çox yaxın idik. Dosentimiz Məcnun Vahidov da həmin gün aldığı güllə yarasından vəfat etdi. Nəzəri mexanika fakültəsinin laboratoriya müdiri Tamilla Əzizova ilə də birgə çalışmışdıq. Həlak olan tələbələr – Taleh, Ayaz, Savalan və Ruslanı da tanıyırdım".

Zemfira Hüseynli bildirir ki, həmin dəhşətli günlər artıq geridə qalıb və hazırda universitetdə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib:

“Universitetə daxil olan hər kəs mühafizəçilər tərəfindən diqqətlə yoxlanılır. Allah həyatını itirənlərin hamısına rəhmət eləsin. İnşallah belə bir faciə bir daha təkrarlanmaz”.

Həmidə İbrahimova

Chosen
1
olke.az

1Sources