ABŞ Prezidenti Donald Tramp yeni Papa ilə bağlı verilən suala maraqlı cavab verib. O bildirib: “Papa olmaq istərdim. Bu mənim bir nömrəli seçimim olardı.”
News365.az xəbər verir ki, Tramp jurnalistin “Yeni Papa kim olmalıdır?” sualına belə cavab verib: “Papa olmaq istərdim. Bu mənim bir nömrəli seçimim olardı. Nyu-Yorkda çox yaxşı bir kardinalımız var, görək nə baş verəcək.”
Tramp birbaşa ad çəkməsə də, onun “yaxşı kardinal” dedikdə Papa namizədləri sırasında adı hallanan amerikalı Kardinal Reymond Leo Börkü nəzərdə tutduğu güman edilir. Tramp ilə Börk arasındakı yaxın münasibətlər daha əvvəl də ictimaiyyətin diqqətini cəlb etmişdi.
Qeyd edək ki, Kardinal Börk 2016-cı ildə Trampı dəstəkləmiş və onun “xristian dəyərlərini müdafiə edəcəyini və abortla mübarizə aparacağını” bildirmişdi. Tramp və Börk abort əleyhinə mövqeləri, miqrantlara qarşı sərt yanaşmaları, ənənəvi ailə dəyərlərinin qorunması və LQBT hüquqlarına məsafəli münasibətləri ilə oxşar baxışlara sahibdirlər.