Azərbaycan Yeni Dünya nizamı yolunda körpü rolunu gücləndirir
Azərbaycan QHT-lərinin dünyaya çıxışı, açılması, beynəlxalq əməkdaşlığı üçün çox böyük imkanlar açır
Bakıda dünya əhalisinin təxminən 80 faizə yaxın hissəsi özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib. Bu nəhəng tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur. Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında - COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib.
Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformasının təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir. Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür. Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrinin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq platformasıdır. İki gün davam edəcək “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfransda dünyanın aparıcı QHT-lərindən nümayəndələr çıxış edəcək, qlobal diskussiyalar təşkil olunacaq, 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nin əhəmiyyəti vurğulanacaq. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır. Azərbaycan Milli QHT Formunun sədri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı rəsmən Qlobal Cənub QHT Platformasının təsis edildiyini elan edib. O, Prezident İlham Əliyevə konfransda səsləndirdiyi ismarıc üçün təşəkkür edib: “Bu ideya COP29-dan qaynaqlandı. Azərbaycan Milli QHT Formunun təşəbbüsü ilə baş tutan bu konfrans sadəcə dialoqlar üçün deyil. Potensialımız birmənalı şəkildə dəyərləndirilməlidir. Qlobal Cənub eyni çətinliklərdən əziyyət çəkən insanların platformasıdır. Ədalətsizlik, müstəmləkəçilik, qeyri-bərabərliyə baxmayaraq, dünyanın hər yerində minllərlə QHT var, fəallar var. Biz çiyin-çiyinə verib bu layihəni həyata keçiririk. Birlikdə dünyanı daha ədalətli, parlaq bir yerə çevirəcəyik. Bizim bilik və təcrübəmiz dünyanın siyasi həyatında müstəsna yer tutacaq. Dünyada ədaləti bərqərar etmək naminə çalışan qlobal bir hərəkat yaradırıq”.
Prezident İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət edib. Müraciətdə vurğulanıb ki, şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edərək, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə edib, mühüm qlobal təşəbbüslərlə çıxış edib: "Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir. Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edirik. Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da bildirib ki, Agentlik Qlobal Cənubu təmsil edən qeyri-hökumət təşkilatlarının 1000-dən çox layihəsinə 13 milyon dollar vəsait ayırıb. O deyib ki, rəhbəri olduğu qurum bu qəbildən olan təşkilatlarına dəstəyini davam etdirmək niyyətindədir. Aygün Əliyeva Qlobal Cənub ölkələrində yaşayan xalqların əksəriyyətinin günümüzdə yoxsulluqla və müstəmləkə siyasəti ilə üzləşdiklərinə diqqəti yönəldib: "Qlobal Cənub Konsepsiyası tək coğrafiyanı əhatə etmir. Bu, siyasi və sosial şəbəkələri də özündə birləşdirir. Qlobal Cənub dövlətlərində yaşayan xalqların əksəriyyəti yoxsulluqla və müstəmləkə siyasəti ilə üzləşirlər. COP29 tədbirlərində Azərbaycan Qlobal Cənub ölkələrinə də öz töhfəsini verib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qlobal Cənubu təmsil edən qeyri-hökumət təşkilatlarının 1000-dən çox layihəsinə indiyədək 13 milyon dollar vəsait ayırıb. Bakı prosesi 10 minə yaxın qeyri-hökumət təşkilatının təmsilçilərini özündə birləşdirir. Qlobal Cənubu təmsil edən qeyri-hökumət təşkilatlarının Azərbaycana marağı artır. Bizim agentliyimiz gələcəkdə də Qlobal Cənubu təmsil edən təşkilatlarına dəstəyini davam etdirəcək. İki gün ərzində keçiriləcək sessiyalar Qlobal Cənubu təmsil edən təşkilatların inkişafına töhfə verəcək. Biz burada sizin özünüzü evinizdəki kimi hiss etməyinizi istəyirik. Biz müxtəlif dillərdə danışsaq da, hamımızı həmrəyliyin dili birləşdirir".

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Bİrliyinin sədri Zaur İbrahimli "Sherg.az"a deyib ki, Prezident İlham Əliyev təsis konfransı iştirakçılarına təbrik nitqində ölkəmizin strateji baxış və yanaşmasını bir daha bəyan etdi. Ekspertin sözlərinə görə, bu baxış Qlobal Cənubu təmsil edən nüfuzlu QHT-lər tərəfindən qətiyyətlə dəstəkləndi:
"Azərbaycan Prezidentinin mesajları təhlil edildi və bu baxışın, həm də Qlobal Cənub QHT Platformasının perspektivinin müəyyənləşməsində əsas olduğu bildirildi. Bakı artıq Qlobal Cənubun siyasətçiləri, diplomatlarını deyil, QHT nümayəndlərini də birləşdirəcək, qlobal gündəliyin aktual məsələləri ilə əlaqədar fəaliyyəti, təşəbbüsləri əlaqələndirəcək. Yeni Platforma Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas müstəvisinə çevriləcək. Bu ölkəmizin Şimal və Cənub arasında dialoq yaratmaq, körpü rolunu oynamaq, ortaq nöqtələr tapmaq missiyasını, siyasətini tamamlayacaq. Həmçinin, Azərbaycan QHT-lərinin dünyaya çıxışı, açılması, beynəlxalq əməkdaşlığı üçün çox böyük imkanlar açır. Obrazlı ifadə etsək, birbaşa çıxış, "yaşıl dəhliz" verir. Bu bizə çox böyük fürsətlər verəcək ki, ölkəmizi tanıdaq, sevdirək, öyrənək, dünyanı daha yaxşı tanıyaq. QHT-lərimiz xüsusən yeni Platforma vasitəsilə iqlim dəyişikliklərinin idarəedilməsi, iqlim ədaləti, dayanıqlı inkişaf, DİM-lərə nail olunması sahəsində daha təcrübəli Qlobal Cənub QHT-lərindən daha asan öyrənə biləcəklər, təcrübə mübadiləsi asanlaşacaq".
Z.İbrahimli vurğulayıb ki, Qlobal Cənub QHT Platformasının Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Bakıda təsis olunması Azərbaycanın moderator, əlaqələndirci roluna yüksək etimaddır:
"Milli QHT Forumunun sədri Ramil İskəndərli Platformanın təsis edilməsi qərarını elan edəndə, bütün zal ayaqüstə alqışladı. Bu alqışlar, eyni zamanda böyük zəhmətin, fədakar xidmətin nəticəsi sayıla bilər. Bu, həmçinin son illər yeni inkişaf mərhələsinə keçid edən Azərbaycan vətəndaş cəmiyyətinin, bu siyasəti həyata keçirən dövlət qurumlarının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tarixi nailiyyətidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti artıq qlobal təşəbbüsləri dəstəkləmək, xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilmısinə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb və mahiyyət əldə edib. Azərbaycan QHT-lərinin təşəbbüsü ilə bu cür qlobal VCT platformasının yaradılmasını müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biri, bəlkə də birincisi kimi dəyərləndirə bilərik. İnamla deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə qürur duya bilərik. Bu tarixi uğur və hadisə münasibətilə Azərbaycan QHT-lərini təbrik edirəm".