Sumqayıt Kimya Sənaye Parkında "Ximqrad" Texnopolisinin idarəçiliyi altında yaradılmış Rusiya-Azərbaycan birgə sənaye parkı ilk rezidentlərini 2025-ci ilin yayında qəbul edəcək.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov “Report”a bildirib ki, sənaye parkının iyul ayında açılması planlaşdırılıb.
Xatırladaq ki, 2024-cü ilin may ayında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə "Ximqrad" Texnopolisi arasında Sumqayıt Kimya Sənaye Parkı ərazisində birgə sənaye zonasının yaradılması haqqında saziş imzalanıb.
Sumqayıt Kimya Sənaye Parkında sənaye zonası üçün 10 hektar ərazi ayrılıb. Layihənin birinci mərhələsində burada 10 min m² sahəsi olan istehsal blokunun inşası planlaşdırılır. Gələcəkdə ümumi sahəsi 40 min m² olan əlavə istehsal bloklarının inşası, həmçinin müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur. Razılaşmaya əsasən, istehsal obyektlərinin tikintisi İZİA tərəfindən həyata keçirilir, istehsalçıların (əsasən polimer məhsulları sahəsində) cəlb edilməsini isə "Ximqrad" təmin etməlidir.
Layihə Sumqayıt Kimya Sənaye Parkı ərazisində Azərbaycan qanunvericiliyinə uyğun olaraq rezidentlər üçün hazır sənaye infrastrukturu, vergi güzəştləri və imtiyazları təqdim edən meydançanın yaradılmasını nəzərdə tutur.