EN

Kim Çen In əmr verdi: Əsgərlər GÖNDƏRİLDİ!

Ajans.az xəbər verir ki, Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komissiyasından yayılan açıqlamada, imzalanmış Əhatəli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində Rusiyaya əsgər göndərildiyi bildirilib. Açıqlamada Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk bölgəsində "qəhrəmanlıqla döyüşdüyü" vurğulanaraq qeyd olunub: "Silahlı qüvvələrimiz yüksək döyüş ruhunu və hərbi bacarığını tam şəkildə nümayiş etdirmiş, Neo-Nasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya torpaqlarının azad olunmasına mühüm töhfə vermişdir". Rusiyaya əsgər göndərilməsi qərarının birbaşa lider Kim Çen In tərəfindən verildiyi qeyd olunan açıqlamada bildirilib: "Əsgərlərimiz Şimali Koreya ilə Rusiya arasındakı ittifaqın gücünü sübut edərək, fədakarlıq dolu mübarizələri ilə hərbi qəhrəmanlıq dastanları yazmışlar". Şimali Koreya hökuməti Rusiyaya göstərilən hərbi dəstəyin iki ölkə münasibətlərində dönüş nöqtəsi olduğunu vurğulayıb: "Kursk bölgəsindəki uğurları ilə Şimali Koreya-Rusiya əlaqələrinin tarixinə qızıl hərflərlə yazılacaq əsgərlərimizi təbrik edirik". Bəyanatda Şimali Koreya ordusunun fəaliyyətlərinin beynəlxalq hüquq normalarına uyğun olduğu iddia olunub: "İki ölkə arasında imzalanan sazişə əsasən ordumuzun Rusiya ərazisindəki fəaliyyəti BMT qaydaları da daxil olmaqla bütün beynəlxalq hüquq prinsiplərinə uyğundur." Xatırladaq ki, iyun ayında Şimali Koreya lideri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin Pxenyanda görüşərək Əhatəli Strateji Tərəfdaşlıq Sazişi imzalamış, Putin bu saziş çərçivəsində hərbi-texniki əməkdaşlığı da nəzərdə tutduqlarını açıqlamışdı. Bundan sonra Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk bölgəsində Ukrayna qüvvələrinə qarşı döyüşdüyü məlum olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
3
Ajans.az

1Sources