BAKI, 28 aprel. TELEQRAF
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Danimarka İxrac və İnvestisiya Fondunun Maliyyə direktoru Kare Stamer Andreasenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə nazir müavini Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, aqrar inkişaf strategiyasının əsas istiqamətləri və innovativ layihələr barədə ətraflı məlumat verib. Həmçinin o, ölkənin qlobal çağırışlara cavab olaraq beynəlxalq təşəbbüslərdə fəal iştirak etdiyini və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Eyni zamanda, Danimarka İxrac və İnvestisiya Fondu ilə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib.
Sarvan Cəfərov işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji zonası” elan edildiyini, bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını xatırladıb. O, Azərbaycanın bu prosesdə müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübə mübadiləsi sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.
Danimarka İxrac və İnvestisiya Fondunun Maliyyə direktoru Kare Stamer Andreasen isə rəhbərlik etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirilən layihələr və kənd təsərrüfatı sahəsində maliyyələşdirilən proqramlar barədə məlumat verib. O, fondun Azərbaycanla, xüsusilə aqrar sektor üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri, kənd təsərrüfatında rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, sahənin dayanıqlı inkişafının təmin edilməsi, eləcə də müasir texnologiyaların transferi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.