"Trampın "ehtiyatda gizli torpedaları" var və ilk 100 gündə başlanan dəyişikliklər "dağdan yuvarlanan qar topu" kimi davam edəcək...: ABŞ prezidenti Donald Tramp növbəti 100 gün ərzində ticarət sazişlərinə və sülh danışıqlarına diqqət yetirəcək. Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Ev nümayəndələrinə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Donald Tramp və administrasiyası bu həftə onun prezidentlik posunda ilk 100 gününün nəticələrini açıqlayacaq və qarşıdakı 100 gün üçün planlarını təqdim edəcək. Belə ki, Tramp bu həftə Miçiqana səfər edərək 100 günlük fəaliyyətini mitinqlə qeyd etməyi planlaşdırır. Ağ Ev onun iqtisadi baxışlarını, qeyri-qanuni miqrantların deportasiyasını, xarici siyasətdə dəyişiklikləri və federal bürokratiyanın azaldılması üzrə İlon Maskın Effektiv Hökumət Departamentinin fəaliyyətini ön plana çıxarmaq niyyətindədir. Bununla belə, Trampın rəsmiləri onun cəmiyyətin yenidən qurulması sahəsində sürətli və genişmiqyaslı fəaliyyətini tərifləsələr də, tənqidçilər onun vətəndaş və qeyri-vətəndaşların hüquqlarını pozduğunu, müttəfiqləri özündən uzaqlaşdırdığını və ABŞ-ın qlobal liderliyini təhlükə altına atdığını bildirir. "Reuters"-ə danışan mənbələrdən biri qeyd edib ki, Trampın bir çox "gizli torpedası" var və ilk 100 gündə başlanan dəyişikliklər "dağdan yuvarlanan qar topu" kimi davam edəcək. O, əlavə edib ki, administrasiya bəzi ölkələrin vətəndaşlarına qarşı tətbiq ediləcək səfər qadağası üzərində işləməyə davam edir. Növbəti 100 gündə əsas prioritetlər Başqa bir rəsmi bildirib ki, növbəti 100 gündə Tramp hökumət bürokratiyası ilə mübarizə ilə yanaşı, ticarət razılaşmalarına və sülh danışıqlarına daha çox diqqət yetirəcək. Bu il Tramp əvvəlcə genişmiqyaslı ticarət müharibəsinə başlayıb, sonra qarşılıqlı tarifləri dayandıraraq fərdi ölkələrlə danışıqlara keçib. Administrasiya 90 gün ərzində razılaşmalar bağlamağı ümid edir. Lakin ekspertlər bunun son dərəcə qeyri-mümkün olduğunu deyir və vurğulayır ki, Tramp hələ heç bir müqavilə bağlamayıb. Xüsusən də Çinlə bağlı danışıqlarda onun ritorikası çox zaman qarşı tərəfin açıqlamaları ilə üst-üstə düşmür. Gələn ay Tramp uzunmüddətli xarici səfərə çıxaraq Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini ziyarət edəcək və Rusiyanın Ukrayna ilə müharibəsinə son qoymaq səylərini davam etdirəcək. Tramp müharibəni "ilk gündə" bitirəcəyinə söz vermişdi, lakin bu, reallaşmayıb. Şənbə günü Tramp etiraf edib ki, Rusiya prezidenti Vladimir Putin müharibəni dayandırmaq istəməyə bilər. Trampın 100 günü Bundan öncə verilən məlumata görə, son iki həftədə ardıcıl olaraq ABŞ-ın üç keçmiş prezidenti - Bill Klinton, Barak Obama və Co Bayden hazırkı prezident Donald Trampı açıq şəkildə tənqid edib. Bu, nadir haldır, çünki keçmiş prezidentlər adətən öz varislərini ictimai şəkildə tənqid etmir. Bundan əlavə, son sorğular göstərir ki, Trampın amerikalı seçicilər arasındakı reytinqi sürətlə aşağı düşməkdədir. Eyni zamanda, Trampın prezidentliyinin ilk 100 günü ərzində Rusiya bir sıra güzəştlər əldə edib: Ukraynaya ərazi güzəştləri üçün təzyiqlər, Rusiyaya qarşı sanksiyaların zəiflədilməsi və hətta Ukraynaya təcavüzün "bağışlanması" kimi addımlar atılıb.