Aprelin 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Türk sənət musiqisinin tanınmış siması Müşərrəf Akayla görüş keçirilib.
Publika.az xəbər verir ki, bu barədə tədbirin aparıcısı Əməkdar artist Aybəniz Həşimova sosial media hesabında paylaşım edib.
O, tanınmış türk müğənnisi Müşərrəf Akayın sənət yolundan danışıb, onun Azərbaycan incəsənətinə, milli ruhuna bağlılığını qeyd edib. Bildirib ki, repertuarında Azərbaycan musiqilərinə geniş yer verən sənətçi onları böyük məharətlə ifa edir.
"Bu xüsusi gün musiqisevərlərin yaddaşında silinməz iz buraxdı. Tamaşaçılar Müşərrəf Akayın ifalarından böyük zövq aldılar və hər kəs üçün çox duyğulu, mənalı anlar yaşandı. Konsertdə bizim Sənət Akademiyasının istedadlı gənc ifaçıları, beynəlxalq festival, müsabiqələr qalibləri Milana Nəbiyeva, Xədicə Rəşidli, Nərmin Nərmalı, Davud Nəsirli, Hikmət Qasımov və Əhməd Məmmədov da çıxış etdilər. Onların biri-birindən gözəl ifaları böyük rəğbətlə qarşılandı, tamaşaçıları bir daha heyran etdilər. Əzizimiz Müşərrəf Akay böyük alqış və sevgilərlə yola salındı. Növbəti görüşədək dogma insan", - Aybəniz Haşımova qeyd edib.