EN

"Trampın "sülh planı" və Ukraynanın cavabı: əsas fərqlər nədən ibarətdir?" - "Reuters"

 
"ABŞ-ın "sülh planı" Rusiyanın Krım üzərində de-yure, cənub və şərqi Ukraynada işğal etdiyi ərazilər üzərində nəzarətinin de-fakto tanınmasını nəzərdə tutur..."
 
Londonda keçirilən görüşdə ukraynalı və avropalı rəsmilər Donald Trampın elçisi Stiv Uitkoff tərəfindən əvvəllər Parisdə Avropa rəsmilərinə təqdim edilmiş sənədə cavab olaraq, "sülh planı" ilə bağlı öz tələblərini əks etdirən bir sənəd təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi bu iki sənədin tam mətnlərinə çıxış əldə edərək onların əsas fərqlərini təhlil edib.
 
Nəşr yazır: "İki mətn arasındakı əsas fərqlər ərazi məsələlərinin həlli ardıcıllığı, Rusiyaya qarşı sanksiyaların ləğvi, təhlükəsizlik zəmanətləri və Ukraynanın silahlı qüvvələrinin say tərkibi ilə bağlıdır".
 
1. Ərazilər
 
"Uitkoffun təklifləri ABŞ-ın Rusiyanın Krım üzərindəki nəzarətini hüquqi baxımdan tanımasını, həmçinin Moskva qüvvələrinin cənub və şərqi Ukraynada faktiki olaraq saxladıqları ərazilərin tanınmasını nəzərdə tutub.
 
Avropa və Ukraynanın birgə sənədi isə atəşkəs sazişi imzalanana qədər ərazi məsələlərinin ətraflı müzakirəsini təxirə salır və sənəddə Rusiyanın hər hansı Ukrayna ərazisi üzərindəki nəzarətinin tanınmasından söz açılmır.
 
2. Təhlükəsizlik zəmanətləri
 
Ukraynanın uzunmüddətli təhlükəsizliyi məsələsində Uitkoffun sənədində Ukraynaya "etibarlı təhlükəsizlik zəmanətləri" veriləcəyi və bu zəmanətlərin Avropa və digər dost dövlətlər tərəfindən təmin olunacağı bildirilir. Eyni zamanda, sənəddə detallara yer verilmir, yalnız qeyd edilir ki, Kiyev NATO-ya üzv olmağa can atmayacaq.
 
"Reuters" qeyd edir ki, Ukrayna-Avropa sənədi bu baxımdan daha konkret məqamlar təqdim edir. Orada Ukrayna ordusuna və Ukrayna ərazisində müttəfiq qoşunların yerləşdirilməsinə heç bir məhdudiyyət qoyulmayacağı vurğulanır, bu bəndin Moskvanı qıcıqlandıra biləcəyi bildirilir.
 
Həmçinin, sənəddə ABŞ tərəfindən "NATO-nun 5-ci maddəsinə bənzər bir saziş" vasitəsilə Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi təklif edilir. Bu, NATO-nun qarşılıqlı müdafiə öhdəliyinə istinaddır.
 
3. Sanksiyalar məsələsi
 
Uitkoffun təkliflərində Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi nəzərdə tutulur.
 
Əks təkliflərdə isə qeyd olunur ki, sanksiyalar "davamlı sülh əldə olunduqdan sonra mərhələli şəkildə zəiflədiləcək" və əgər Rusiya sülh sazişinin şərtlərini pozarsa, sanksiyalar yenidən tətbiq edilə bilər.
 
4. Maliyyə yardımı
 
Avropa-Ukrayna sənədi, həmçinin, Ukraynaya müharibə nəticəsində dəymiş zərərə görə kompensasiya ödənilməsini təklif edir. Bu kompensasiyanın Rusiyanın xaricdə dondurulmuş aktivlərindən əldə olunması nəzərdə tutulur. ABŞ-ın "sülh planı"nda isə sadəcə Ukraynaya maliyyə kompensasiyası veriləcəyi qeyd edilir, lakin vəsaitin mənbəyi göstərilmir.
 
Ukraynanın Trampın "sülh planı"na cavabı
 
Bundan öncə KİV-lər yazıb ki, Donald Trampın "sülh planı" Krımın Rusiyanın tərkib hissəsi kimi tanınmasını və 2022-ci il işğalından sonra Rusiyanın nəzarətinə keçən demək olar ki, bütün ərazilərin qeyri-rəsmi tanınmasını nəzərdə tutur. Plan həmçinin Ukraynanın NATO-ya üzv olmasının qadağan edilməsini və Rusiyaya qarşı sanksiyaların ləğvini ehtiva edir.
 
Londonda keçirilən görüşdə Ukrayna nümayəndələri ABŞ nümayəndə heyətinə "sülh planı" ilə bağlı öz tələblər paketini təqdim edib. Əsas tələb işğal olunmuş Krımın rəsmi olaraq Rusiya ərazisi kimi tanınmamasıdır.
 
Sənəddə, həmçinin, vurğulanır ki, Rusiyaya Ukrayna silahlı qüvvələrinin ölçüsünü və ya Ukraynanın müdafiə sənaye bazasını məhdudlaşdırmaq imkanı verilməməlidir.
Chosen
20
16
moderator.az

10Sources