EN

Kapello: “Yamal Messi və ya Maradona kimi olmayacaq”

Məşhur italyam mütəxəssis Fabio Kapello “Barselona”nın ispaniyalı cinah hücumçusu Lamin Yamalın futbol gələcəyi ilə bağlı qənaətini açıqlayıb.

Arena.az Kapellonun bu barədə açıqlamasını təqdim edir:

“Yamal Lionel Messi və ya Dieqo Maradona kimi olmayacaq. O, ulduzdur, amma onda Pele və bu sadaladığım oyunçularda olduğu kimi düha yoxdur. Belə oyunçular 20 ildə bir dəfə gəlirlər. Odur ki, bizə daha 20 il intizarla gözləmək gərək olacaq”, deyə Kapello vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 14 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 98 oyun, 21 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Chosen
79
8
arena.az

10Sources