EN

Robert Levandovski zədə aldı, “Barselona” açıqlama yaydı

İspaniya La Liqasının “Selta” ilə 32-ci tur ev oyunu “Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski üçün xoşagəlməz baş çatıb.

Arena.az məlumat verir ki, “blauqrana”nın 4:3 hesablı qələbə qazandığı oyunun 78-ci dəqiqəsində zədələnmiş Levandovski əvəzlənib.

“Barselona” futbolçusunun zədəsi ilə bağlı rəsmi açıqlama verib:

“Aparılmış müayinələr təsdiqlədi ki, birinci komandamızın futbolçusu Robert Levandovskinin sol dizaltı vətərinin zədəsi var. Onun qayıdışı bərpa sürətindən asılı olacaq” – Kataloniya klubunun açıqlamasında deyilir.

Xatırladaq ki, daha əvvəl AS dərgisi polyak ulduzun təxminən üç həftəlik müddətə sıradan çıxdığı haqda məlumat yaymışdı. Belə olacağı halda, Levandovski aprelin 26-da İspaniya Kral Kubokunun finalında “Real”la oyunu buraxa bilər.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 48 oyuna çıxıb, 40 qol vurub və 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 143 oyun, 99 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 157 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
47
9
arena.az

10Sources