EN

AFFA Kurban Berdıyevi 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa, Birinci Liqa və Əvəzedicilər Liqası ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısı ilə sizi də tanış edir:

Azərbaycan Premyer Liqası, 30-cu tur

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz”da 4 nəfər sarı vərəqə aldığı üçün Tovuz komandası 700 manat cərimə edilib. Oyunun 19-cu dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Turan Tovuz” buna görə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Turan Tovuz”un azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Tovuz klubu 800 manat cərimə edilib. “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə Tovuz klubu 1000 manat cərimə edilib. Oyunun 45+2-ci dəqiqəsində “Sabah”ın futbolçusu Pavol Şafranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Sabah” buna görə 500 manat cərimə ödəyəcək.

“Sumqayıt” – “Şamaxı” oyununda “Şamaxı”nın fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Sumqayıt” 500 manat cərimə edilib.

“Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” 500 manat cərimə edilib.

“Neftçi” – “Zirə” oyununda “Neftçi”də 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt komandası 700 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” 2000 manat cərimə edilib.

Birinci Liqa, 21-ci tur

“Zaqatala” – “Baku Sportinq” oyununun 17-ci dəqiqəsində “Baku Sportinq”in oyunçusu Cəfər Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Baku Sportinq” buna görə 100 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Qaradağ Lökbatan”da 4 nəfər sarı vərəqə aldığı üçün Lökbatan komandası 70 manat cərimə edilib.

“Karvan” – “İmişli” oyununda “Karvan”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə sözügedən klub 80 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” 80 manat cərimə edilib. Oyun bitdikdən sonra “İmişli”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib.

“Qəbələ” – “Difai” oyununda “Difai” komandasında 5 futbolçu sarı vərəqə aldığı üçün “Difai” 70 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 30-cu tur

“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 33-cü dəqiqəsində “Kəpəz”in oyunçusu Amur Yusifov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kəpəz” buna görə 100 manat cərimə edilib. Oyunun 53-cü dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Gəncə komandası 80 manat cərimə edilib.

“Neftçi-2” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” 100 manat cərimə edilib.

Chosen
40
4
arena.az

7Sources