Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa, Birinci Liqa və Əvəzedicilər Liqası ilə bağlı qərarlar qəbul olunub.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müzakirələrdən sonra bu turnirlərin sonuncu turlarındakı qayda pozuntularına aşağıdakı qaydada hüququ qiymət verilib:
Azərbaycan Premyer Liqası, 33-cü tur
“Zirə” – “Turan Tovuz” oyununun 59-cu dəqiqəsində “Zirə”nin futbolçusu Qismət Alıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Zirə” buna görə 1500 manat cərimə edilib. “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz klubu 700 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib.
“Neftçi” – “Kəpəz” oyununun 70-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Neftçi” buna görə 1500 manat cərimə edilib.
Birinci Liqa, 24-cü tur
“Cəbrayıl” – “Baku Sportinq” oyununun 85-ci dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Tapdıq Əhmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Cəbrayıl” buna görə 200 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” 80 manat cərimə edilib. “Baku Sportinq”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.
“Difai” – “Mingəçevir” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Difai”nin futbolçusu Riad Abbaszadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Difai” buna görə 300 manat cərimə edilib. Oyunun 61-ci dəqiqəsində “Mingəçevir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Mingəçevir klubu 150 manat cərimə edilib. Oyun bitdikdən sonra “Mingəçevir”in futbolçusu Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Mingəçevir” buna görə 300 manat cərimə ödəyəcək.
“İmişli” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “İmişli” 80 manat cərimə edilib.
“Zaqatala” – MOİK oyununun 90+3-cü dəqiqəsində MOİK-in futbolçusu Əzəmət Ələkbərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. MOİK klubu buna görə 100 manat cərimə edilib.
“Karvan” – “Qəbələ” oyununun ikinci hissəsi qapı torunda problem olması səbəbindən gec başladığı üçün Yevlax komandası 100 manat cərimə edilib. Oyunun ilk hissəsi, ikinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” 80 manat cərimə edilib. “Karvan”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Yevlax klubu 80 manat cərimə edilib. “Karvan”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub daha 150 manat cərimə ödəyəcək.
Əvəzedicilər Liqası, 33-cü tur
“Şamaxı-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə Şamaxı komandası 80 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyanların say və yaş limiti pozulduğuna görə Şamaxı komandası 80 manat cərimə edilib.
“Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 70 manat cərimə edilib.