"Bu metod immun sistemini tənzimləməyə imkan verəcək və ənənəvi müalicəyə tabe olmayan xərçəng növləri üçün yeni ümid yaradacaq..." Alimlər araşdırmalar zamanı xərçəngin müalicəsində hansı "irəliləyişə" nail olduqlarını izah edib İsrailin Veytsman Elmi İnstitutunun alimləri xərçəngin müalicə üsullarını inqilabi şəkildə dəyişə biləcək mühüm bir kəşf edib. Onlar immun hüceyrələri olan makrofaqların davranışını tənzimləyən bir gen müəyyənləşdirib və bu hüceyrələri şişi dəstəkləməkdən onu məhv etməyə yönəltməyi öyrənib. Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb. Alimlərin xüsusi diqqətini Zeb2 adlı gen cəlb edib. Araşdırmalar göstərib ki, bu gen makrofaqları digər immun hüceyrələrin fəaliyyətini zəiflədərək və şişi qidalandıran damarların yaranmasını stimullaşdıraraq, şişin böyüməsinə kömək etməyə məcbur edir. Bu gen makrofaqlardan çıxarıldıqda isə orqanizmdə şişlə mübarizə mexanizmləri aktivləşir. "Şişlər sağ qalmaq və inkişaf etmək üçün immun hüceyrələrini "öz tərəflərinə" çəkir. Onlar bu hüceyrələrin qoruyucu funksiyalarını söndürərək, onları köməkçiyə çevirir. Biz bu dəyişikliyi təmin edən geni aşkar etdik. Əgər bu genin fəaliyyəti dayandırılsa, makrofaqlar yenidən şişlə mübarizəyə başlayır", - tədqiqat rəhbəri professor İdo Amit bildirib. Bu kəşf CRISPR gen redaktəsi texnologiyası və süni intellektə əsaslanan analiz sistemləri kimi qabaqcıl texnologiyalar vasitəsilə mümkün olub. Bu alətlər alimlərə 100 mindən çox redaktə olunmuş immun hüceyrənin davranışını təhlil etməyə imkan verib. Tədqiqatçılar əldə etdikləri nəticələri sübut etmək üçün sidik kisəsi xərçəngi olan siçanlar üzərində eksperiment aparıb. Onlar şişin yerləşdiyi nahiyəyə Zeb2 geninin fəaliyyətini bloklayan DNT molekulu yeridib. Nəticədə makrofaqlar aktivləşərək şişə hücum etməyə başlayıb və bu da şişin ölçüsünün əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Hazırda alimlər bu kəşfi insanlar üçün real terapevtik üsula çevirməyə çalışır. Onlar əmindir ki, bu metod immun sistemini dəqiq şəkildə tənzimləməyə imkan verəcək və xüsusilə ənənəvi müalicə üsullarına müqavimət göstərən xərçəng növləri üçün yeni ümid yaradacaq.