EN

Lamin Yamal Çempionlar Liqasında tarixi nailiyyət əldə etdi

Çempionlar Liqası 1/4 finalının Dortmund “Borussiya”sı ilə evdə ilk oyunu “Barselona”nın yeniyetmə ulduzu Lamin Yamala düşərli olub.

Arena.az xatırladır ki, Yamal “blauqrana”nın 4:0 hesablı qələbəsinə vurduğu qolla töhfəsini verib.

Bu oyun 17 yaşlı ispaniyalı hücumameyilli yarımmüdafiəçinin UEFA Çempionlar Liqasında meydana çıxdığı 20-ci oyun olub ki, bu da mütləq rekorddur. Yamala qədər 18 yaşa qədər yeniyetmə oyunçular arasında qitənin ən mötəbər klub yarışında bu qədər oyun keçirən oyunçu olmayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 14 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 94 oyun, 21 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Chosen
136
8
arena.az

9Sources