"Real" klubunun baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, 65 yaşlı italyan mütəxəssisin komandanın başında son oyunu sabah, La Liqanın 38-ci turunda "Real Sosyedad"a qarşı olacaq. "Santyaqo Bernabeu" stadionunda Ançelottinin şərəfinə xüsusi vida mərasimi keçiriləcək.
Açıqlamada qeyd olunur ki, klub Ançelottiyə dərin minnətdarlığını və sevgisini ifadə edir. O, "Real"ın ən uğurlu dövrlərindən birində komandaya rəhbərlik edib və klub tarixində ən çox titul qazanan baş məşqçi olub. Onun rəhbərliyi altında "Real" üç UEFA Çempionlar Liqası, üç Klub Dünya Çempionatı, üç UEFA Superkuboku, iki La Liqa çempionluğu, iki İspaniya Kuboku və iki İspaniya Superkuboku qazanıb. Altı mövsüm ərzində ümumilikdə 15 titul əldə olunub.
Ançelotti 2021-ci ildən ikinci dönəm "Real"a başçılıq edirdi. O, bundan əvvəl 2013–2015-ci illərdə də klubda çalışıb.
"Qalaktikos"un prezidenti Florentino Peres də italyan mütəxəssis barədə danışıb: “Karlo Ançelotti artıq əbədi olaraq "Real" ailəsinin bir üzvüdür. Biz onunla işləməkdən qürur duyuruq. O, bizə bu qədər uğurlar qazandırdı və klubumuzun dəyərlərini nümunəvi şəkildə təmsil etdi”.