AZ

Karlo Ançelotti: “Real”la olan bağım əbədidir"

Madrid “Real”ının italiyalı baş məşqçisi, 65 yaşlı mütəxəssis Karlo Ançelotti 2021-ci ildən çalışdırdığı İspaniya nəhəngi ilə vidalaşıb.

Arena.az xəbər verir ki, italiyalı məşqçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Daha əvvəl “kral klubu” da cari mövsümün sonunda Ançelottinin komandadan ayrılacağını açıqlamışdı.

Paylaşımına “Bu gün biz yenidən vidalaşırıq” cümləsi ilə başlayan 65 yaşlı mütəxəssis sözlərinə belə davam edib: “Bu gün “Real”dakı fəaliyyətimin ikinci dövrü ərzində yaşadığım hər bir anı xatırlayıram. Bu illər unudulmaz oldu – duyğular, titullar və hər şeydən əvvəl klubun emblemini təmsil etməyin verdiyi qürurla dolu inanılmaz bir yol!

Prezident Florentino Peresə, kluba, futbolçularıma, əməkdaşlara və hər zaman mənə özlərindən biri kimi davranan unikal azarkeşlərə təşəkkür edirəm.

Birlikdə qazandığımız uğurlar “Real” azarkeşlərinin yaddaşında həmişə qalacaq – təkcə qələbələrə görə yox, həm də bu qələbələri necə qazandığımıza görə. “Bernabeu”dakı sehrli gecələr artıq futbol tarixinin bir hissəsinə çevrilib.

İndi yeni macəra başlayır. Amma “Real”la olan bağım əbədidir. Tezliklə görüşərik. Hala Madrid, elə bu qədər”.

Qeyd edək ki, Ançelotti karyerasını Braziliya millisinin baş məşqçisi kimi davam etdirəcək və mayın 26-dan “selesao”nun sükanı arxasına keçəcək. “Real”da isə Ançelottini “Bayer”in baş məşqçisi Xabi Alonsonun əvəz etməsi gözlənilir.

Karlo Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıtmış italyan mütəxəssis indiyədək “qaymaqlılar”ı çalışdırır. Çalışdırdığı müddətdə Karlo Ançelotti “Real”ı 349 oyuna çıxarıb, 249 qələbə, 48 heç-heçə, 52 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 837:346 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014/2015, 2022/2023, 2024/2025) və FIFA Klub Dünya Kuboku (2014/2015, 2022/2023) və FIFA Qitələrarası Kubok (2023/2024) daxildir.

65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

Seçilən
0
17
arena.az

10Mənbələr