AZ

Erməni müxalifəti növbədənkənar seçki istəyir

Əks halda Paşinyanın devrilməsi üçün xarici ölkələrdən yardım istəyəcəklər

Ermənistanda növbəti  parlament seçkilərinin 2026-cı ilin fevral ayında keçirləcəyi gözlənilsə də müxalifət bununla razılaşmır. Onlar sentyabr ayınadək növbədənkənar palament seçkilərinin keçirilməsində israrlıdırlar. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan isə buna lüzum olmadığını bildirərək müxalifətin istəyini gözündə qoymaqda qərarlıdır. Paşinyanın əleyhdarları isə növbədənkənar parlament seçkilərinin keçirilməsində Rusiyadan da yardım istəyirlər. Bu qüvvələr iddia edirlər ki, hakimiyyətə Rusiyayönümlü qüvvələrin gəlməsi Ermənistanı mövcud zəif durumdan qurtarmağın yeganə yoludur.

Məhz bu səbəblərdəndir ki, Ermənistanda ikiqütblülük prosesi sürətlə artmağa başlayıb. Məsələn, bu gün əgər Ermənistan müxalifəti tamamilə Rusiyayönümlüdürsə, Paşinyan hakimiyyəti isə daha çox Qərbə meyilliyi ilə ilə seçilir. Xüsusilə İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə  uğramış Ermənistanda antiRusiya cəbhəsi daha da genişlənib. Ermənistan cəmiyyətində çoxluq bu qənaətdədir ki, Rusiya Ermənistanı Azərbaycan qarşısında köməksiz buraxdı. Hətta erməni müxalifəti Rusiyanın Ermənistana hərbi-siyasi yardım göstərməmək də  Paşinyan hakimiyyətindəki antiRusiya təbliğatının əsas rol oynadığını bildirdi.

Görünən mənzərə belədir ki, son bir neçə ayda Ermənistandakı Rusiyaya bağlı radikal-revanşist müxalifət düşərgəsi də fəallaşmağa başlayıb. Bu düşərgədəkilər isə Paşinyan hakimiyyətinə qarşı sərt çıxışlar edən erməni kilsəsinin rəhbərləri  ilə «Qarabağ klanı»nın liderləridir. Hətta onların birgə planında seçkiyəqədərki dövrdə Paşinyan hakimiyyətini hər vasitə ilə devirməkdir. Xüsusilə Qarabağdan könüllü şəkildə Ermənistana köçmüş ermənilərdən və keçmiş qondarma «DQR»-in Yerevandakı tör-töküntülərindən istifadə etməklə genişmiyaslı mitinqlərlə üsyana hazırlaşırlar. Hətta Rusiyayönümlü düşərgə Paşinyan hakimiyyətini terrorla da təhdid edir.

Əslində, ötən bir neçə ildə Rusiyanı Paşinyan hakimiyyətinə qarşı qıcıqlandıran ciddi proseslər də baş vermişdi. İlk növbədə Ermənistan rəsmi olaraq 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin ( BCM) tamhüquqlu üzvü seçilib. Bununla da  Ermənistan bu məhkəmənin 124-cü üzvü olub. Məlumata görə, Roma statutuna üzvlüklə bağlı sənədlər 2023-cü il oktyabrın 3-də Ermənistan parlamentində ratifikasiya olunub, 2023-cü ilin noyabr ayında Haaqaya göndərilib.  Ermənistanın BCM-yə rəsmən qoşulması isə birbaşa Rusiyaya meydan oxumaq idi. Rusiyanın  RİA Novosti agentliyi bildirmişdi ki, bu, Rusiya üçün skandal bir qərardır. Çünki Roma statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında çıxardığı həbs qərarından sonra o, Ermənistana gələrsə saxlanıla bilər.

Bundan başqa,  ötən il İrəvanda  İkinci Dünya Müharibəsi zamanı blokadada olmuş Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması da Rusiyada kəskin etiraz doğurmuşdu. Məsələ burasındadır ki, sosial şəbəkələrdə özünü Samvel Şirinyan kimi təqdim edən İrəvan sakini həmin abidənin önündəki çələngləri dağıdıb, Rusiya bayrağının rənglərinə uyğun lenti tapdalayıb və bu hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Həmin dövrdə Rusiya Xarici İşlər Nazirliyi bu vandalizm aktını kəskin şəkildə pisləmişdi. Eyni zamanda Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş vermişdi.

Rəsmi İrəvanın Rusiyaya arxa çevirməsinin digər bariz nümunəsi isə Avropa İtiifaqının Ermənistandakı sərhəd müşahidə missiyasını qəbul etməsidir. Bu gün həm Rusiyada, həm də ölkəmizdə aydın şəkildə bilinir ki, sözügedən müşahidə missiyası əslində, Qərbin Ermənistana atdığı casus qruppasıdır. Bundan başqa, son bir neçə ildir ki, Ermənistan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərindən də imtina edib. Məlumdur ki, KTMT birbaşa Rusiya himayəsində olan hərbi-siyasi birlikdir. Rəsmi İrəvanın bu təşkilatdan imtinası isə Rusiyanın qırmızı çizgilərini keçməkdir.

Əslində, rəsmi İrəvanın antiRusiya hərəkətləri başı Ukrayna müharibəsinə qarışmış Putin hakimiyyətindən gözləntilərinin azalmasıdır. Belə olan haldarəsmi İrəvan Qərbə üz tutmaqla yeni maliyyə mənbələri və hümanitar yardım kanalları axtarmaqğa çalışırlar. Lakin görünən odur ki, Nikol Paşinyan Rusiyadan tam qopmağa da qorxur. Ona görə də ara-sıra Moskvaya səfərlər edərək erməni cəmiyyətinə göstərmək istəyir ki, Kremldən onun hakimiyyətinə qarşı ciddi təhlükə yoxdur.

Elçin Zaman, «İki sahil»

Seçilən
0
ikisahil.az

1Mənbələr