Bakı. TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər də müzakirə olunub.
Ərdoğan söhbət zamanı qeyd edib ki, Türkiyə müdafiə sənayesi başda olmaqla, bir çox sahədə ABŞ ilə əməkdaşlığın inkişafı üçün addımlar atmağa davam edəcək.
Ərdoğan, Trampın münaqişələrin bitirilməsinə dair yanaşmasını dəstəklədiyini bildirib və İranla aparılan danışıqlar prosesini, eləcə də Rusiya-Ukrayna müharibəsinin sonlandırılması üçün göstərilən səyləri alqışlayıb.
Türkiyə Prezidenti, Qəzzada humanitar böhranın faciəvi həddə çatdığını vurğulayaraq, bölgəyə humanitar yardımın fasiləsiz çatdırılmasının və bu faciəyə son qoyulmasının vacibliyini qeyd edib. Türkiyənin Qəzzada atəşkəsin təmin olunması və davamlı sülhün qurulması üçün əməkdaşlıq etməyə və hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.
Bundan əlavə, Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünün qorunması və sabitliyin təmin edilməsi üçün səylər göstərdiyini qeyd edib. ABŞ-ın Suriyaya qarşı sanksiyaların yumşaldılması istiqamətində atacağı addımların bu prosesə töhfə verəcəyini və sabit bir Suriyanın həm bölgə, həm də dünya sülhü üçün önəmli olduğunu ifadə edib.