BAKI, 5 may. TELEQRAF
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin keçmiş müşaviri Ceyms Rikards Rusiya, Çin və Amerikanın öz aralarında “poker” oynadıqlarını bildirib. Onun fikrincə, bu oyunda üçündən ikisi digərinə qarşı mübarizəni koordinasiya edir. Həmin iki oyunçunun məqsədi üçüncünü oyundankənar vəziyyətə salmaqdır.
Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, keçmiş müşavir bu oyunda fəaliyyətlərini koordinasiya edən iki oyunçunun adını çəkməsə də, söhbətin Rusiya-Çin birliyindən getdiyi bəllidir:
“Rusiya ABŞ ilə Çinə, Çin isə ABŞ ilə Rusiyaya qarşı oyun qurmaz. Əlbəttə, Vaşinqton çox istəyərdi ki, Çin ABŞ ilə birgə Rusiyaya qarşı mübarizə aparsın, ancaq bu, Vaşinqtonun hazırkı siyasəti baxımından mümkün deyil. Ağ Ev sahibi Donald Tramp Çin iqtisadiyyatına qarşı sərt qərarlar qəbul edib, üstəgəl, Tayvan məsələsinə görə iki ölkə arasında münasibətlər gərgindir. Belə vəziyyətdə Vaşinqtonun Pekinlə Moskvaya qarşı səylərini birləşdirməsi mümkün deyil.
MKİ-in keçmiş müşavirinin bir başqa açıqlaması da maraqlıdır. Onun sözlərinə görə, dünya artıq bu üçlük arasında bölüşdürülüb: “Digər ölkələr ya bu üçlükdən birinin müttəfiqləridir, ya da ikinci dərəcəli ölkələrdir”.
Bu yanaşma Soyuq müharibə illərini xatırladır. O zaman da dünya ölkələrinin bir qismi ABŞ və keçmiş SSRİ arasında bölüşdürülmüş, digərləri isə hər ikisindən eyni məsafə saxlayırdılar”.
Mərkəzin ekspertləri qeyd edirlər ki, dünyanın yenidən bölüşdürülməsi fikri son zamanlarda çox təlqin olunur:
“Rikardsdan əvvəl ABŞ-nin nüfuzlu nəşrlərindən biri də “dünya böyük dövlətlər arasında bölüşdürülür” tipli məqalə dərc etmişdi. Bu yanaşma daha çox amerikalı ekspertlər tərəfindən səsləndirilir. Maraqlıdır ki, bu, Rusiya və Çin ekspertlərinin narazılığına səbəb olmur. Görünür, “dünya bölüşdürülür” yanaşması Moskva və Pekinin də istəyinə cavab verir. Çünki əgər “dünya bölüşdürülürsə”, ABŞ ilə yanaşı, Rusiya və Çin də müxtəlif bölgə və ölkələrə iddia edə, təsir dairələrini artıra bilərlər.
Bu siyasət faktiki olaraq, ABŞ-nin hazırkı Prezidenti Donald Tramp tərəfindən həyata keçirilir. Tramp və administrasiya üzvlərinin bu durumda Ukraynaya “məsləhəti” odur ki, Kiyev Krım və itirdiyi digər əraziləri unutsun. Bu siyasət Rusiyanın işğalına haqq qazandırır”.