PSJ parislilərin 27 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembelenin zədələndiyi haqda rəsmi bəyanat yayıb.
Arena.az PSJ-nin rəsmi saytına istinadən, müvafiq bəyanatın mətnini təqdim edir:
“Usman Dembele sağ ayağınn dizaltı vətərinin gərilməsi ilə üzləşib. Onun səhhəti tədricən yaxşılaşır. Yaxın vaxtlarda əlavə məlumat bəyan ediləcək” – Fransa nəhənginin bəyanatında deyilir.
Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 33 qol vurub, 12 məhsuldar ötürmə verib.
Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 87 oyun, 39 qol və 27 məhsuldar ötürmədən ibarətdir.
Əlavə edək ki, Dembele Fransa Liqa 1-in cari mövsümün 21 qolla ən sərrast qolçusudur. Fransalı hücumçunun hesabında həmçinin 5 məhsuldar ötürmə var.
Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.
Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 55 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.