AZ

Yamalın atası “Real” azarkeşlərinə müraciət ünvanladı

“Barselona”nın ispaniyalı yeniyetmə ulduz hücumçusu Lamin Yamalın atası Munir Nasraui “Real” azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, Yamalın atasının müvafiq müraciətini təqdim edir:

“Lamin yalınız “Barsa” üçün deyil, həm də ölkə yığması üçün çıxış edir. Belə gənc yaşında “blauqrana” üçün artıq 100 oyun keçirmiş oğlanı tərifləmək gərəkdir. Onun haqda pis danışanda, mənə xoş gəlmir. Onu söyüb təhqir etmək lazım deyil. “Barsa”nın azarkeşləri “Real”ın gənc istedadlarını təhqir etmirlər ki…”, deyə Yamalın atası oğluna qarşı ifrat ədavət bəsləyən “Real” azarkeşlərinin ordusuna “arifə bir işarə” vurub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 100 oyun, 22 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Yamal mərakeşəsillidir. Yeniyetmə ulduz tarixi vətəni üçün çıxış etməkdən imtina edərək, İspaniya bayrağı altında oynamağı seçib.

Seçilən
0
8
arena.az

9Mənbələr