“Azərbaycanda qida təhlükəsizliyi, sanitariya-gigiyena qaydaları və istehlakçı hüquqlarının pozulması halları ilə bağlı inzibati məsuliyyət tədbirləri sərtləşdirilib. İnzibati Xətalar Məcəlləsində bu sahələri tənzimləyən bir neçə maddə mövcuddur. Həmin maddələrə əsasən fiziki, vəzifəli və hüquqi şəxslər üçün müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulur”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə bildirib:
“Qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyin pozulması, xüsusilə idxal olunmuş məhsulların müvafiq sağlamlıq aktı olmadan satışa çıxarılması İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsi ilə tənzimlənir. Belə hallarda fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək, hüquqi şəxslər isə 3.000 manatdan 5.000 manatadək cərimələnə bilər.
İstehlakçıların hüquqlarının pozulması ilə bağlı məsələlər isə Məcəllənin 447-ci maddəsində əks olunub. Buraya saxlama müddəti keçmiş məhsulların satılması, məhsulun çəkisi və keyfiyyəti ilə bağlı alıcının aldadılması, həmçinin məcburi sertifikatlaşdırmadan keçməmiş malların dövriyyəyə buraxılması kimi hallar daxildir. Bu cür pozuntulara görə fiziki şəxslərə 350-500 manat, vəzifəli şəxslərə 1.500-2.000 manat, hüquqi şəxslərə isə 4.000-6.000 manat arasında cərimələr tətbiq olunur”.
Vəkil qeyd edir ki, sanitariya-gigiyena rejiminin pozulmasına görə isə Məcəllənin 211-ci maddəsi ilə cərimələr müəyyən edilib.
“Bu hallarda fiziki şəxslər 200-400 manat, vəzifəli şəxslər 4.000-5.000 manat cərimə oluna və ya bir ayadək inzibati həbs edilə bilər. Hüquqi şəxslər üçün isə cərimələrin məbləği 5.000 manatdan 11.000 manatadək təşkil edir. Bu, inzibati xətalar üzrə işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi baxır. Hər bir qurumun səlahiyyət dairəsi aidiyyəti sahələr üzrə müəyyən olunub”.
Aynurə İsmayıl
KONKRET.az