Azərbaycanda dünya futbolunda analoqu olmayan hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, bir məşqçi eyni gündə 2 müxtəlif matçda hakimləri təhqir edərək qırmızı vərəqə alıb və üst-üstə 10 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Söhbət Qusarın "Metak" Futbol Akademiyasının 13 və 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Mehman Səfərovdan gedir.
O, aprelin 26-da AFFA U-14 Liqasında keçirilən "Caspian"la görüşün artıq 7-ci dəqiqəsində texniki zonadan qovulub. Əsəblərini cəmi-cümlətanı 7 dəqiqə cilovlamağı bacaran çalışdırıcı AFFA İntizam Komitəsi tərəfiindən 5 oyunluq cəzalandırılıb.
Elə həmin gün AFFA U-13 Liqasında keçirilən "Uğur" - "Metak" qarşılaşmasında Mehman Səfərov yenə öz ampluasında olub. Baş məşqçi hakimi təhqir və təhdid etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. Bu hərəkətinə görə o, daha 5 oyun diskvalifikasiya olunub.