
Qida zəhərlənməsi hər il minlərlə insanı təsir edən ümumi sağlamlıq problemidir. Ancaq maraqlısı odur ki, eyni mühitdə olan bəzi insanlar bu vəziyyəti yaşasa da, digərləri heç təsirlənmir. Bəs, bu fərqi yaradan amillər hansılardır?

E-saglam.az xəbər verir ki, Huffpost.com-a görə, təcili yardım həkimi Dr. Castin Mazur deyir ki, xəstələr tez-tez “xəstələnən tək mən olduğum üçün bu qida zəhərlənməsi deyil”, - deyə düşünür.
Mazura görə, bu, çox yayılmış yanlış fikirdir. Əslində, adi qida zəhərlənməsi zamanı hər kəsin eyni şəkildə təsirlənməməsi olduqca normaldır.
Qida zəhərlənməsi ürəkbulanma, qusma, ishal və qızdırma kimi mədə-bağırsaq simptomlarına səbəb olan bir vəziyyət olaraq təyin olunur və adətən viruslar, bakteriyalar və ya nadir hallarda parazitlərlə çirklənmiş qidaların qəbulu nəticəsində yaranır.
Bağırsaq mikrobiomu fərq yaradır
Bəs niyə eyni şeyi yedikdə yalnız bir nəfər xəstələnir? Doktor Mazura görə, bu, immun sistemi və bağırsaq mikrobiomu kimi fərdi fərqlərlə bağlıdır.
Trilyonlarla mikroorqanizmdən ibarət bağırsaq mikrobiomunuz ümumi sağlamlığınıza böyük təsir göstərir. Sağlam olmayan mikrobiomunuz varsa, az bişmiş burgerin yarada biləcəyi bakteriya hücumu ilə mübarizə aparmaqda çətinlik çəkə bilərsiniz. Sağlam mikrobiom belə vəziyyətlərin öhdəsindən daha asan gəlməyə kömək edir.
Mazur, “Qida zəhərlənməsi hallarına mikrobiomları qeyri-kafi olan insanlarda daha çox rast gəlinir” deyərək mikrob müxtəlifliyi və faydalı bakteriyaların əhəmiyyətinə diqqət çəkir. Qeyri-adekvat mikrobiom tez-tez patogen bakteriyaların yüksək sıxlığı ilə xarakterizə olunur, bu da riski artırır.
Bundan əlavə, qida zəhərlənməsi ehtimalına təsir edən digər amillər də var.
Əvvəlcədən yedikləriniz də təsir edir
Doktor Mazur deyir ki, insanın infeksiyaya yoluxmaq üçün kifayət qədər qida qəbul edib-etməməsi, eyni gündə nə yeyib-içməsi kimi faktorlar da önəmlidir. Məsələn, həddindən artıq spirt istehlakı sağlam mikrobiomunuza zərər verə bilər və sizi həssas edə bilər.
Doktor Mazurun məsləhəti sadədir: Sağlam, balanslaşdırılmış qidalanma sağlam mikrobiomu dəstəkləmək üçün vacibdir. Bu, bağırsaqlarınızı qida bakteriyalarına qarşı daha davamlı edir.
Günün sonunda qida zəhərlənməsinin hər kəsin orqanizmi tərəfindən fərqli qəbul edildiyini xatırlamaq vacibdir. Sağlam bir mikrobiom riskə qarşı ən yaxşı müdafiəniz ola bilər.
Tərcümə: Könül Oruc