AZ

"COVID-19" keçirmiş insanlar daha tez-tez və uzun müddət xəstələnir" - tədqiqat

 
"Koronavirusa yoluxmuş insanlarda digər infeksiyalara yoluxma riski 50 faizədək artır..."
 
"COVID-19" keçirmiş bir çox insan digər xəstəliklərə qarşı daha həssas olduqlarını müşahidə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.
 
Nəşr yazır ki, belələrində soyuqdəymə halları daha tez-tez baş verir, daha uzun sürür, öskürək isə daha güclü olur və uzun müddət keçmir.
 
Həqiqətən də, "COVID-19"-un ağırlığından asılı olaraq, digər infeksiyalara yoluxma riski 20–50 faiz artır. Bu nəticəyə ABŞ-ın Sent-Luis Universitetinin alimləri gəlib. Onlar "COVID-19" keçirmiş 200 mindən çox insanın və infeksiyaya yoluxmamış 600 min nəfərin tibbi kitabçalarını təhlil edib.
 
Koronavirusdan sonrakı bir il ərzində xəstəliyi keçirmiş şəxslər daha tez-tez bakterial, göbələk və virus infeksiyalarına, tənəffüs yolları xəstəliklərinə və ağciyərlərin kəskin zədələnməsinə tutulub.
 
Hətta xəstəliyi yüngül keçirənlərdə belə digər xəstəliklərə yoluxma riski nəzərəçarpacaq dərəcədə yüksək olub və hər 10 min nəfərdən 525 nəfər təşkil edib, COVID testləri neqativ çıxanlar arasında isə bu rəqəm cəmi 362 nəfərdir. Koronavirusu ağır keçirənlər arasında isə bu göstərici təxminən 1000 nəfərə çatıb.
 
Alimlər hələ də bu halın səbəbini dəqiq izah edə bilmir. Məsələn, sadə bir izah bundan ibarət ola bilər ki,  lokdaun dövründə insanlar təcrid olunub və viruslarla daha az təmasda olub, amma bu izah burada keçərli deyil, çünki araşdırmadakı hər iki qrup eyni şəraitdə olub. Lakin "COVID-19" keçirmiş insanların nəticələri daha pis olub.
 
Tədqiqatçılar ehtimal edir ki, "COVID-19" immun sisteminə uzunmüddətli mənfi təsir göstərə, selikli qişaları zədələyərək onları patogenlər üçün daha keçirici hala gətirə bilər. Onlar bu hadisənin mexanizmini başa düşmək üçün əlavə araşdırmaların vacibliyini vurğulayır.
Seçilən
29
39
moderator.az

10Mənbələr