“Barselona”nın yeniyetmə hücumçusu Lamin Yamal “blauqrana”nın əfsanəsi, “İnter Mayami”nin hücumçusu Lionel Messi haqda söhbət açıb.
Arena.az məlumat verir ki, Yamal özünün Messi ilə müqayisə edilməsinə qarşılığını bildirib:
“Mən özümü kimsə ilə müqayisə etmirəm, o cümlədən Messi ilə. Mən “Leo”ya heyranam, o tarixdə ən yaxşıdır. Mən sadəcə olaraq təkmilləşməyə çalışıram, özünü digər oyunçularla müqayisə etmək isə mənasızdır”, deyə Yamal vurğulayıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 14 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 99 oyun, 21 qol və 33 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.