BAKI, 29 aprel. TELEQRAF
Beyləqan rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1988-ci il təvəllüdlü Kənan Kərimovun məhkəməsi başa çatıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, yol qəzası Binnətli kəndi ərazisində qeydə alınıb.
“VAZ 21074” markalı minik avtomobili “Mercedes Benz 313” yük markalı avtomobillə toqquşub. Nəticədə iki nəfər ölüb, iki nəfər yaralanıb.
Ölənlər “VAZ 21074” markalı avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Rasim Çiçitov və sərnişini 1993-cü il təvəllüdlü Rüstəmov Mürsəlovdur.
İstintaq araşdırması zamanı “Mercedes Benz 313” yük markalı avtomobilin sürücüsü Kənan Kərimov baş vermiş yol-nəqliyyat hadisəsinə görə günahkar bilinib.
Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan Kərimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avtomobil işlədiyi şirkətə məxsus olub, avtomobillə dondurma məhsulları daşıyıblar: “Hadisə günü idarə etdiyim avtomobillə Beyləqan rayonuna getdim. Həmkəndlim Ramiz də yol yoldaşı kimi mənə qoşuldu. Orada işlərimi qurtarıb İmişli rayonuna qayıtmaq istədim. Saat 15:10-da İmişli rayonuna gedərkən Mingəçevir-Bəhrəmtəpə yolunun Bünyatlı kəndindən keçən hissəsində 80 km\saat surətlə sağ zolaqda hərəkətdə olarkən qarşıdan gələn “VAZ 21074” markalı avtomobil qəfildən əks-istiqamətə mənim hərəkət yoluma çıxdı. Toqquşmadan yayınmaq üçün sükanı sola burdum və əks-istiqamətə daxil oldum. Avtomobilimin qabaq tərəfi ilə həmin avtomobilin ön tərəfi ilə toqquşdu. Zərbənin təsirindən maşınım yolun sol kənarına doğru istiqamətlənib aşaraq dayandı. “VAZ 21074” markalı avtomobil isə geriyə doğru gedərək dayandı. Hadisə nəticəsində mən və sərnişinim yüngül xəsarət aldıq. Avtomobildən çıxdıq. Digər avtomobildə olan sərnişin hadisə yerində, sürücü isə xəstəxanada vəfat etdi”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Kərimova 5 il müddətə azadlıqdan məhrum edilib. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.