“Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Bu tarixi uğur və mühüm hadisədir”.
Bunu Hafta.az-a "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimli bildirib.
Z.İbrahimli konfransın işində iştirak etdiyini bildirib və müşahidələrini bizimlə bölüşüb.
“Azərbaycan Prezidenti, cənab İlham Əliyevin təsis konfransı iştirakçılarına təbrik nitqində ölkəmizin strateji baxış və yanaşmasını bir daha bəyan etdi. Bu baxış Qlobal Cənubu təmsil edən nüfuzlu QHT-lər tərəfindən qətiyyətlə dəstəkləndi. Dəfələrlə Azərbaycan Prezidentinin mesajları təhil edildi və bu baxışın, həm də Qlobal Cənub QHT Platformasının perspektivinin müəyyənləşməsində əsas olduğu bildirildi. Azərbaycan Prezidenti bəyan etdi ki, Qobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. Prezident Azərbaycanın fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün əzmlə çalışdığını bir daha bəyan etdi" - deyə QHT rəhbəri bildirib.
Onun sözlərinə görə, Bakı artıq Qlobal Cənubun siyasətçiləri, diplomatlarını deyil, QHT nümayəndələrini də birləşdirəcək, qlobal gündəliyin aktual məsələləri ilə əlaqədar fəaliyyəti, təşəbbüsləri əlaqələndirəcək. Yeni Platforma Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas müstəvisinə çevriləcək. Bu, ölkəmizin Şimal və Cənub arasında dialoq yaratmaq, körpü rolunu oynamaq, ortaq nöqtələr tapmaq missiyasını, siyasətini tamamlayacaq.
Z.İbrahimli qeyd edib ki, Qlobal Cənub QHT Platformasının Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Bakıda təsis olunması Azərbaycanın moderator, əlaqələndirici roluna yüksək etimaddır.
“Milli QHT Forumunun sədri Ramil İskəndərli Platformanın təsis edilməsi qərarını elan edəndə, bütün zal ayaqüstə alqışladı. Bu alqışlar, eyni zamanda böyük zəhmətin, fədakar xidmətin nəticəsi sayıla bilər.
Bu, həmçinin son illər yeni inkişaf mərhələsinə keçid edən Azərbaycan vətəndaş cəmiyyətinin, bu siyasəti həyata keçirən dövlət qurumlarının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tarixi nailiyyətidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti artıq qlobal təşəbbüsləri dəstəkləmək, xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb və mahiyyət əldə edib. Azərbaycan QHT-lərinin təşəbbüsü ilə bu cür qlobal platformanın yaradılmasını müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biri, bəlkə də birincisi kimi dəyərləndirə bilərik. Artıq inamla deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə qürur duya bilərik”.