AZ

Məhəmməd Salah Premyer Liqada möhtəşəm rekorda imza atdı

İngiltərə Premyer Liqasının 34-cü turunun “Tottenhem”lə ev oyunu “Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah üçün düşərli olub.

Arena.az məlumat verir ki, Salah “qırmızılar”ın “mahmızlar”ı 5:1 hesabı ilə məğlub etməsinə qolla töhfəsini verib.

Bu qələbə sayəsində “Liverpul” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün çempionluğunu yarışın sonuna dörd tur qalmış erkən surətdə təmin edib. Salah isə vurduğu bu qolla İngitlərə Premyer Liqasının tarixi ərzində ən sərrast əcnəbi qolçu ünvanına sahib olub. Salahın hesabında Premyer Liqada vurduğu 185 qol var. Misirli ulduz hücumçu “Mançester Siti”nin argentinalı keçmiş hücumçusu Serxio Aqueronun 184 qolluq rekordunu qırıb.

Premyer Liqanın tarixən ən sərrast qolçuları siyahısında isə Salah 5-ci pillədədir, misirli ulduzu dörd ingiltərəli qolçu qabaqlayır:

  1. Alan Şirer (İngiltərə) – 260 qol;
  2. Harri Keyn (İngiltərə) – 213 qol;
  3. Ueyn Runi (İngiltərə) – 208 qol;
  4. Endi Koul (İngiltərə) – 187 qol;
  5. Məhəmməd Salah (Misir) – 185 qol.

Göründüyü kimi, 32 yaşlı Salah tarixi qolçuluq yarışında ən azı ikinci pilləyə iddiasını sürdürə bilər.

Əlavə edək ki, Salah 28 qolla cari mövsüm İngiltərə Premyer Liqasının ən sərrast qolçusudur. Misirli hücumçu həmçinin məhsuldar ötürmələrin sayına görə mövsümün ən səmərəli futbolçusudur – 18 məhsuldar ötürmə.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Salahın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 33 qol vurub, 23 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 397 oyun, 244 qol, 113 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
14
arena.az

10Mənbələr