AZ

Fələstin Administrasiyasının yeni vitse-prezidenti Mahmud Abbasın varisi hesab edilir

"Hüseyn əş-Şeyx FAT-da ikinci adam hesab edilib, o, həyatının 10 ilini İsrail həbsxanasında keçirib..."
 
Fələstin Administrasiyasının (FA) rəhbəri Mahmud Abbas Hüseyn Əş-Şeyxi FA-nın vitse-prezidenti və Fələstin Azadlıq Təşkilatı (FAT) İcraiyyə Komitəsinin sədr müavini təyin edib.
 
Moderator.az xəbər verir ki, bu barədə " Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu qərar aprelin 26-da, şənbə axşamı FAT İcraiyyə Komitəsinin iclasında dəstəklənib. Onlayn keçirilən iclasda 172 iştirakçıdan 170-i bu qərarın lehinə səs verib. Bundan öncə, aprelin 24-də İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinin bərpası barədə qərar qəbul edilib.
 
Fələstin Azadıq Təşkilatı bir neçə ərəb milli hərəkatını birləşdirən və Fələstin xalqının siyasi təmsilçiliyinə can atan təşkilatdır. FAT İcraiyyə Komitəsinin rəhbəri Mahmud Abbasdır. Hüseyn Əş-Şeyx Abbasın mümkün varisi hesab olunur. Əş-Şeyx həm də Fələstin Dövlətinin vitse-prezidenti kimi tanınır.
 
Son vaxtlara qədər Əş-Şeyx Fələstin Administrasiyası yanında Vətəndaş İşləri üzrə Baş İdarəyə rəhbərlik edib, bu idarə İsraillə əlaqələrin koordinasiyasına cavabdeh əsas orqandır. O, İsrailin FA üçün topladığı bütün vergi gəlirlərinin bölüşdürülməsinə və fələstinlilərə İsrailə giriş icazələrinin verilməsinə faktiki olaraq nəzarət edib.
 
Bu səbəbdən fələstinlilərin bir hissəsi onu ilk növbədə İsraillə əməkdaşlığın rəmzi kimi görür. Lakin Hüseyn Əş-Şeyx bir vaxtlar -  1978-ci ildən 1988-ci ilə qədər 10 ili İsrail həbsxanasında keçirib.
 
2020-ci ildə Saib Erekatın ölümündən sonra Əş-Şeyx FAT İcraiyyə Komitəsinin baş katibi vəzifəsini də tutaraq FA rəhbərliyinin mərkəzinə gəlib. O, dəfələrlə FA-nı beynəlxalq arenada da təmsil edib.
 
89 yaşlı Mahmud Abbas Yasir Ərafatın 2004-cü ildəki ölümündən sonra FAT-ın və FA-nın rəhbəri olub. "Reuters"in yazdığına görə, uzun illərdir Abbas daxili islahatlara, o cümlədən varisinin təyin edilməsinə qarşı çıxıb. 65 yaşlı Hüseyn Əş-Şeyx isə uzun müddət FAT-da ikinci adam hesab olunub. İndi isə bu status hüquqi cəhətdən rəsmilik qazanıb.
 
"FA-da islahat ABŞ və Fars körfəzi monarxiyaları üçün prioritetdir. Onlar ümid edir ki, bu qurum İsrail-Fələstin münaqişəsinin həllində əsas rol oynaya bilər. ABŞ islahat olunmuş FA-nın müharibədən sonra Qəzzaya rəhbərlik etməsi ideyasını irəli sürüb. Müharibədən sonra Qəzzanın bərpası üçün əsas maliyyə mənbəyi sayılan Fars körfəzi monarxiyaları da FA-nın ciddi şəkildə islah edilməsini istəyir", - agentlik qeyd edib.
Seçilən
14
moderator.az

1Mənbələr