Astana, 27 aprel, AZƏRTAC
Qazaxıstan və Azərbaycan bütün istiqamətlər üzrə, o cümlədən ekspert və intellektual sahələrdə əməkdaşlığı fəal inkişaf etdirirlər.
Bu barədə AZƏRTAC-a Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi elmlər doktoru Talqat Kaliyev məlumat verib: "Bu gün biz qarşılıqlı fəaliyyətin bütün əsas sahələrini əhatə edirik, lakin yeni yüksək texnologiyalı istiqamətlərin, məsələn, kosmik əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Biz nəqliyyat dəhlizinin verdiyi imkanlardan, yəni, yüklərin müşayiəti, onların monitorinqi, süni intellekt sahəsində əməkdaşlıqdan istifadə etməliyik. Bu texnologiyalar sabah artıq yüklərin müşayiəti və tranzitinin sürətləndirilməsi üçün əsas olacaq”.
Onun sözlərinə görə, ölkələr proseslərin etibarlılığını və onlar üzərində tam nəzarəti təmin etmək üçün tamamilə müstəqil və suveren olan öz şəxsi inkişaflarına etibar etməlidirlər.
“Böyük İpək Yolunun tarixi bizə dərs verir. Belə ki, o, dəniz marşrutlarının yaranması səbəbindən deyil, əcdadlarımız texnologiyalar uğrunda mübarizədə uduzduqları üçün öz əhəmiyyətini itirib. Bizim bu səhvləri təkrarlamağa haqqımız yoxdur. Bu gün bizim vəzifəmiz təkcə fəal iştirakçılar və oyunçular olmaq deyil, həm də texnoloji proseslərin yaradıcısı olmaqdır”, - deyə Kaliyev qeyd edib və əlavə edib ki, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Çin bunun üçün bütün lazımi resurslara malikdirlər.
O, həmçinin birgə səylərin birləşdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ölkələr yalnız tranzit əraziləri kimi qalmasınlar, beynəlxalq layihələrin tamhüquqlu iştirakçılarına çevrilsinlər və bu layihələrdən maksimum fayda əldə etsinlər. Həm iqtisadi və maliyyə baxımından, həm də insan kapitalının inkişafı və texnoloji tərəqqi sahəsində inkişaf etsinlər.
“Mən əminəm ki, bu anlayış bu gün artıq mövcuddur və bizim ümumi vəzifəmiz bu proseslərin fəal təşviqinə yönəlməkdir”, - deyə Talqat Kaliyev qeyd edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana