AZ

"Mən koqnitiv testdən keçmişəm, fiziki və zehni durumum əladır, ilk 100 günüm də çox uğurlu olub" - Tramp

 
"Tramp Krımı Rusiyada saxlamaq və ABŞ-ı genişləndirməklə tarixə düşmək istəyir..."
 
30 aprel 2025-ci ildə Donald Trampın ikinci dəfə ABŞ prezidenti olmasının 100 günü tamam olur. Bu münasibətlə o, "Time" jurnalına geniş müsahibə verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv ua" nəşri məlumat yayıb.
 
Müsahibədə Tramp ABŞ-ın daxili və xarici siyasətinə, xüsusən Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibət bildirib və prezidentliyinin ilk aylarını qiymətləndirib.
 
Trampın əsas fikirləri belədir:
 
Müharibəni 24 saata bitirmək vədi zarafat idi, lakin məqsəd ciddi idi - Tramp deyir ki, bu ifadəni bir qədər şişirdilmiş formada səsləndirib, lakin əsas məqsədi müharibəni tez bir zamanda bitirmək olub. Onun sözlərinə görə, insanlar bu bəyanatın arxasında sülh istəyinin dayandığını anlayıb.
 
"Bu mənim müharibəm deyil, Baydenin müharibəsidir"- Tramp bildirir ki, Rusiya-Ukrayna müharibəsi onun dövründə başlamayıb. Əgər o prezident olsaydı, Putin belə bir addım atmazdı. Tramp vurğulayıb ki, müharibə artıq üç ildir davam edir, özü isə prezidentliyə cəmi üç ay əvvəl qayıdıb.
 
Putinlə sülh əldə etmək mümkündür - Tramp hesab edir ki, yalnız onun rəhbərliyi altında Rusiya ilə danışıqlar aparıb sülhə nail olmaq mümkündür. O, əvvəllər Putinlə razılaşmaya yaxın olduqlarını və bu təcrübəyə əsaslanaraq yenə uğur qazanacağına inandığını bildirib.
 
Zelenski ilə də sülh mümkündür - Tramp Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski ilə də razılaşma əldə etməyin mümkün olduğunu deyib. Onun fikrincə, tərəflər razılaşmaya hazırdır.
 
Ukraynanın NATO-ya üzvlüyü müharibənin səbəblərindən biridir - Tramp düşünür ki, Ukraynanın NATO-ya üzv olmaq istəyi Rusiyanı təhrik edib və müharibənin başlamasına səbəb olub. Əgər bu məsələ gündəmə gətirilməsəydi, müharibənin qarşısı alınardı.
 
Krım artıq Rusiyaya məxsusdur və geri qaytarılmayacaq - Onun fikrincə, Krım məsələsi Barak Obamanın dövründə bağlanıb və indi bu məsələni dəyişmək mümkün deyil. Tramp bildirib ki, Krımda əhali əsasən rusdillidir və uzun illərdir orada Rusiya hərbi bazaları yerləşir.
 
Krım məsələsində razılaşma mümkündür - Tramp üçün əsas diqqət Krıma yönəlib və əlavə olaraq Rusiyanın Ukraynada ilhaq etdiyi digər dörd vilayət barədə danışmaq istəmir. O, yalnız Krımın Rusiyada qalması üzərində dayanır.
 
ABŞ və Rusiya arasında yeni əməkdaşlıq imkanları - Tramp sülh əldə olunarsa, ABŞ və Rusiya arasında biznes və digər sahələrdə əməkdaşlıq imkanlarının yaranacağını deyib. Hazırda belə bir əməkdaşlıq olmasa da, gələcəkdə bu istiqamətdə addımların mümkün olduğunu vurğulayıb.
 
Qrenlandiya və Kanada barədə planlar: "Bu zarafat deyil" - Tramp bildirib ki, Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək ciddi və strateji düşünülmüş təklif idi. Kanada məsələsinə gəlincə, Tramp deyib ki, ABŞ hər il Kanadanı dəstəkləməklə milyardlarla dollar itirir və bu səbəbdən Kanada ABŞ-ın 51-ci ştatı ola bilərdi.
 
ABŞ ərazilərinin genişləndirilməsi ideyasına qarşı deyil - Tramp açıq şəkildə bildirib ki, ABŞ-ın ərazilərini genişləndirmək istəyir və buna etiraz etmir. Onun məqsədi ABŞ-ı daha güclü və təhlükəsiz etməkdir.
 
Üçüncü dəfə prezident olmaq fikri varmı? - Tramp üçüncü dəfə prezidentliyə namizəd olmaq barədə düşünmədiyini deyib. Hüquqi cəhətdən bəzi boşluqların olduğunu etiraf etsə də, bu imkanlardan istifadə etmək niyyətində olmadığını bildirib.
 
Cey Di Vens vitse-prezident ola bilərmi? - Tramp bu barədə konkret cavab verməsə də, özünün fiziki və zehni durumunun əla olduğunu bildirib və keçirdiyi kognitiv testi 100 faiz nəticə ilə tamamladığını xüsusi vurğulayıb.
 
Prezidentlik səlahiyyətlərini aşırmı? - Tramp hesab edir ki, prezident səlahiyyətlərindən düzgün istifadə edir. O, ilk 100 günü çox uğurlu qiymətləndirib və bəzi analitiklərin onu ABŞ tarixinin ən yaxşı başlanğıc edən prezidentlərindən biri adlandırdığını qeyd edib.
 
Sazişlər nə vaxt elan olunacaq? - Tramp bildirib ki, artıq 200 saziş imzalayıb və bu sazişlər yaxın 3-4 həftə ərzində ictimaiyyətə açıqlanacaq.
 
Baydenə istehza - Müsahibənin sonunda Tramp jurnalistlərə zarafatla deyib ki, bu sualları Baydenə versəydilər, o, Ağ Evdəki masa altına sürünüb gizlənərdi.
Seçilən
15
50
moderator.az

10Mənbələr