AZ

Məktəblilərin qəzaya uğramasının təfərrüatları məlum oldu: Avtobusun qarşısına it çıxıb

BAKI, 26 aprel. TELEQRAF

Şamaxıda məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğramasıyla bağlı yeni təfərrüatlar məlum olub.

Teleqraf xəbər verir ki, hadisə axşam saatlarında Ağsunun Padaqışlaq kənd məktəbliləri rayon mərkəzindəki hazırlıq kursundan evlərinə qayıdan zaman baş verib. Xatırladaq ki, qəza hadisəsi Şamaxı rayonu ərazisinə düşür.

Məktəblilərin yaxınları Teleqraf-a bildiriblər ki, mikroavtobusda yanlız sürücü və məktəblilər olub. Məktəblilər həftədə üç dəfə hazırlıq üçün kənddən rayon mərkəzinə kursa gedirlər. Onların arasında 9, 10 və 11-ci sinif şagirləri var. İlkin yardımı yaxınlıqdakı şirkətin işçiləri göstərib. Uşaqları maşının içindən onlar çıxarıblar. Sonra Ağsu və Kürdəmir rayon xəstəxanalarına yerləşdiriliblər.

Qeyd olunub ki, qəzada xəsarət alanlardan üçü evə buraxılıb. Qalanlardan ikisinin vəziyyəti ortadır. Bir qızın burnu tamam sınıb, Bakıya gətiriləcək. Sürücüyə isə heç nə olmayıb.

Uşaqlar həmişə saat 21:00 radələrində evdə olurmuşlar, valideynlər uşaqların gecikdiyini gördükdə, narahat olublar və hadisədən xəbər tutublar.

Padarqışlaq kənd icra nümayəndəsi Azər Xəlilov Teleqraf-a açıqlamasında bildirib ki, məktəblilər rayon mərkəzindəki “Elitar” adlı kursdan gəlirmişlər: “Onlardan beşi oğlan, ikisi qız olub. Dərsdən çıxıb kursa gediblər. Hadisə kəndə qayıdanda zaman baş verib. Vəziyyətləri yaxşıdır, Manafov Çinarə Dadaş qızının isə burnunda əziyi var, üç tikiş qoyulub.

Sürücü çox yüngül xəsarət alıb, salamatlıqdır. Hadisə Ağsu rayonundan gələndə Şamaxının ərazisində olub. Qəza saat 20:30 radələrində baş verib. Yola çıxan iti vurub, daha sonra sürücü nəzarəti itirib, mikroavtobus yoldan çıxaraq aşıb”.

TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 25 aprel tarixində saat 23:00 radələrində Şamaxı rayonun ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2009-cu il təvəllüdlü (qadın cinsli) şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Ona döş qəfəsin, çanağın əziyi, gövdənin sıyrıqları diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində baş verib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Seçilən
19
teleqraf.com

1Mənbələr